Alimlərdən qlobal fəlakət təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ
Alimlər Antarktidada buzlaqların gözləniləndən daha sürətlə əridiyini bildirərək qlobal təhlükə barədə xəbərdarlıq ediblər.
Xpress.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu proses gələcəkdə dəniz səviyyəsinin ciddi şəkildə yüksəlməsinə və milyonlarla insanın daşqın riski ilə üzləşməsinə səbəb ola bilər.
Tədqiqat müəlliflərindən biri olan Qin Zhou bildirib ki, əsas təhlükə dəniz səviyyəsinin sürətlənmiş şəkildə qalxmasıdır. Onun sözlərinə görə, Antarktida gələcəkdə qlobal dəniz səviyyəsinin yüksəlməsinə ən böyük təsir göstərə biləcək bölgə hesab olunur.
Araşdırma müəllifləri qeyd edirlər ki, Antarktidadakı buz rəfləri zəifləyər və ya dağılmağa başlayarsa, hazırda buz qatında saxlanılan nəhəng buz kütlələri okeana qarışa bilər. Bu isə dünya üzrə sahilyanı ərazilər üçün ciddi risk yaradır.
Alimlərin hesablamalarına görə, buz təbəqələrinin tam əriməsi halında dəniz səviyyəsi nəzəri olaraq 58 metrədək yüksələ bilər. Belə bir ssenari milyonlarla insanın yaşadığı ərazilərin su altında qalmasına səbəb ola bilər.
Buz rəfləri sahildən dənizə doğru uzanan və əsasən üzən buz qatlarından ibarət olur. Onlar quru üzərində yerləşən buz təbəqələrinin davamı hesab edilir və qlobal iqlim sistemində mühüm rol oynayır. Mütəxəssislər hesab edirlər ki, iqlim dəyişiklikləri nəticəsində bu təbii baryerlərin zəifləməsi prosesin daha da sürətlənməsinə gətirib çıxara bilər.