Əsrin ən böyük vulkan püskürməsi atmosferi necə təmizlədi?
2022-ci ildə baş verən Xunqa-Tonqa-Xunqa-Haapay vulkan püskürməsi alimlərin əvvəllər müşahidə etmədiyi özünütəmizləmə mexanizmi ilə müşayiət olunub və bu, gözlənilən uzunmüddətli atmosfer nəticələrini əhəmiyyətli dərəcədə azaldıb. Bununla əlaqəli kimyəvi proseslər metan emissiyalarına qarşı mübarizənin nə qədər effektiv olduğunu ölçmək probleminin həllinə kömək edə bilər.
Qaynarinfo "IFL Science" portalına istinadən xəbər verir ki, vulkanlar planetə həm isitmə, həm də soyutma təsiri göstərir. Atmosferə atılan kül və aerozollar Günəş işığını bloklayaraq Yer kürəsini soyudur, lakin karbon qazı və metan kimi istixana qazları əksinə, istiləşməyə səbəb olur. Adətən bu proses əvvəlcə qısamüddətli soyuma, daha sonra isə uzunmüddətli istiləşmə yaradır, çünki qazlar atmosferdə bərk hissəciklərdən daha uzun müddət qalır.
Peyk texnologiyalarının inkişafı alimlərə Xunqa-Tonqa-Xunqa-Haapay püskürməsini əvvəlki analoji hadisələrdən daha detallı şəkildə öyrənməyə imkan verib.
Püskürmə nəticəsində atmosferə 330 min ton metan atılıb ki, bu da təxminən iki milyon inəyin illik geviş gətirməsi zamanı yaranan emissiyalara bərabərdir. Lakin yeni araşdırmanın müəllifləri gözlənilməz bir fakt aşkar ediblər: metanın bir hissəsi atmosferdə uzun müddət qalmayıb. O, formaldehidə (HCHO), daha sonra isə karbon qazı və suya çevrilib.
"Peyk görüntülərini analiz edərkən rekord səviyyədə formaldehid konsentrasiyasına malik bulud aşkar etdik. Bu buludu 10 gün ərzində Cənubi Amerikaya qədər izləyə bildik. Formaldehid cəmi bir neçə saat mövcud olduğuna görə bu, buludun bir həftədən çox müddətdə davamlı şəkildə metanı parçalaydığını göstərirdi”, deyə "Acacia Impact Innovation” şirkətindən Maarten van Herpen bildirib.
Alimlərin sözlərinə görə, əvvəllər məlum idi ki, vulkanlar püskürmə zamanı metan buraxır, lakin vulkan külünün bu çirklənməni qismən aradan qaldırdığı bilinmirdi.
Təbiətin gizli silahı – dəniz duzu və xlor
Adətən neft-qaz quyularından və ya heyvandarlıqdan yaranan metan atmosferdə təxminən 10 il qalır. Karbon qazından daha qısaömürlü olsa da, hər ton üzrə daha güclü istiləşmə effekti yaratdığı üçün çox təhlükəli istixana qazı sayılır. Əgər metan atmosferdə cəmi bir neçə gün qalsaydı, onun iqlimə təsiri demək olar ki, hiss olunmazdı.
Cəmi üç il əvvəl alimlər metanın parçalanmasını sürətləndirən başqa bir təbii mexanizm aşkar etmişdilər. Saxara səhrəsindən gələn toz Atlantik okeanı üzərində dəniz duzu ilə qarışaraq dəmir duzu aerozolları yaradır. Günəş işığının təsiri altında natrium xlorid parçalanır və yaxınlıqdakı metanı məhv edən xlor ayrılır.