Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Azərbaycan monumental heykəltəraşlığında
Azərbaycan monumental heykəltəraşlığında
Ana səhifə

Azərbaycan monumental heykəltəraşlığında CÜMŞÜD İBRAHİMLİ FENOMENİ - FOTO

Xpress.az Redaksiyası 28.05.2026 00:06

Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış heykəltəraş-rəssam Cümşüd İbrahimlinin bu gün 85 illik yubileyi qeyd olunur. 

 Azərbaycan təsviri sənətinin, xüsusilə də monumental heykəltəraşlığın inkişafı XX əsrdən etibarən milli bədii təfəkkürün formalaşmasında mühüm mərhələ kimi çıxış edir. Bu dövr həm ideya-estetik axtarışların genişlənməsi, həm də plastik sənətin ifadə imkanlarının dərinləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ənənəvi bədii düşüncə sisteminin monumental təfəkkürlə sintezi, tarixi-mədəni yaddaşın plastik interpretasiyası və obrazın semantik yükünün gücləndirilməsi Azərbaycan heykəltəraşlığının məzmun və forma baxımından yeni keyfiyyət mərhələsinə yüksəlməsinə zəmin yaratmışdır. Bu mərhələdə heykəltəraşlıq artıq yalnız təsvir və bədii bənzətmə funksiyası ilə məhdudlaşmır, eyni zamanda ideoloji-mənəvi məna daşıyıcısına, milli kimlik və tarixi şüurun vizual ifadə vasitəsinə çevrilir.

Eyni zamanda, bu ümumi inkişaf prosesinin fonunda fərdi yaradıcılıq üslubu formalaşdıran sənətkarların fəaliyyəti xüsusi diqqətə layiqdir. Onların yaradıcılığında klassik monumental ənənələr müasir plastik düşüncə ilə üzvi şəkildə qovuşur, nəticədə isə həm kompozisiya həlli, həm də obraz quruluşu baxımından daha dinamik və ekspressiv bədii sistem yaranır. Bu sintez heykəltəraşlıq sənətində statik təsvir prinsipindən uzaqlaşaraq, hərəkət, daxili enerji və psixoloji ifadəlilik üzərində qurulan yeni estetik yanaşmanın formalaşmasına gətirib çıxarır. Beləliklə, Azərbaycan monumental heykəltəraşlığı XX əsrdə təkcə formal yenilənmə prosesi deyil, həm də milli bədii düşüncənin fəlsəfi-estetik dərinləşməsi kimi səciyyələnir. Bu mərhələdə yaradılan əsərlər tarixi yaddaşı qorumaqla yanaşı, onu müasir bədii dil vasitəsilə yenidən şərh edən çoxqatlı sənət nümunələri kimi çıxış edir.

Beləliklə, Azərbaycan monumental heykəltəraşlıq məktəbi müxtəlif yaradıcılıq istiqamətlərinin, estetik axtarışların və fərdi üslub formalaşmalarının qarşılıqlı təsiri nəticəsində təkamül edərək milli təsviri sənət tarixində özünəməxsus mövqeyə yüksəlmişdir. Beləki, İbrahimli Cümşüd Rəşid oğlu da Azərbaycan monumental heykəltəraşlıq sənətində özünəməxsus yaradıcılıq üslubu formalaşdırmış sənətkarlardandır. Onun yaradıcılığı monumental plastikanın estetik prinsipləri ilə milli yaddaş, tarixi təfəkkür və psixoloji ifadəliliyin üzvi vəhdəti baxımından diqqəti cəlb edir. Müxtəlif illərdə ərsəyə gətirdiyi memorial komplekslər, portret-büstlər, monumental abidələr və simvolik kompozisiyalar müəllifin yalnız plastik forma üzərində deyil, həm də ideya-məzmun bütövlüyü üzərində işləyən sənətkar olduğunu göstərir. Cümşüd İbrahimlinin yaradıcılığına nəzər saldıqda aydın görünür ki, onun sənət yolu təsadüfi axtarışların deyil, uzun illərin müşahidə təcrübəsinin, peşəkar akademik hazırlığın və daxili estetik təfəkkürün nəticəsi kimi formalaşmışdır.

1941-ci il 28 may tarixində Gürcüstan Respublikasının Marneuli şəhərində qulluqçu ailəsində anadan olan sənətkarın formalaşmasında yaşadığı mühitin, sosial hadisələrin və insan xarakterlərinin mühüm təsiri olmuşdur. Heykəltəraşın sonrakı yaradıcılığında müşahidə olunan plastik həllin bədii inandırıcılığı və emosional-ekspressiv təsir xüsusiyyətləri ilkin həyat müşahidələrinin formalaşdırdığı estetik dünyagörüşü ilə bilavasitə bağlıdır. Marneuli Azərbaycan orta məktəbini bitirdikdən sonra Gəncə İnşaat Texnikumunda təhsil alması onun monumental düşüncə sisteminin formalaşmasına ciddi təsir göstərmişdir. Memarlıq konstruksiyasına dair əldə etdiyi biliklər sonralar yaratdığı monumental abidələrdə forma, həcm və məkan münasibətlərinin peşəkar həllində özünü aydın şəkildə göstərir.

Cümşüd İbrahimlinin Tbilisi Dövlət Rəssamlıq Akademiyasının monumental heykəltəraşlıq fakültəsində aldığı akademik təhsil onun yaradıcılığında mühüm mərhələ təşkil edir. Bu təhsil ona monumental plastikanın klassik prinsiplərini, insan anatomiyasını, kompozisiya quruluşunu və plastik ritmi dərindən mənimsəməyə imkan yaratmışdır. Diplom işi kimi işlədiyi İmadəddin Nəsimi obrazı müəllifin fəlsəfi düşüncəyə malik tarixi şəxsiyyətlərə xüsusi marağını nümayiş etdirir. Burada yalnız zahiri portret oxşarlığı deyil, şairin daxili mənəvi bütövlüyü, düşüncə azadlığı və fəlsəfi üsyankarlığı plastik forma vasitəsilə ifadə olunmağa çalışılmışdır.

Sənətkarın yaradıcılığında memorial heykəltəraşlıq xüsusi diqqət çəkən məqamlardandır. Böyük Vətən müharibəsində həlak olanlara həsr edilmiş “Qəmgin ana” abidələri müəllifin emosional təsir gücü yüksək olan monumental nümunələri sırasında mühüm yer tutur. Lənkəran, Sapnəkəran, Şağlaser və digər bölgələrdə ucaldılmış bu abidələrdə ana obrazı ümumiləşdirilmiş bədii simvol kimi təqdim edilir. Müəllif burada fərdi taleni ümummilli ağrı ilə birləşdirərək monumental plastikanın emosional imkanlarını üzə çıxara bilmişdir. Xüsusilə üz cizgilərinin sərt plastikasında hiss olunan daxili kədər və mənəvi ağırlıq əsərlərin emosional təsir gücünü artırır. Monumentallıqla psixoloji ifadəliliyin sintezi Cümşüd İbrahimlinin memorial heykəltəraşlıq sahəsindəki əsas yaradıcılıq xüsusiyyətlərindən biri kimi diqqəti cəlb edir.

Onun yaradıcılığında tarixi şəxsiyyətlərin obrazlaşdırılması ayrıca istiqamət təşkil edir.  Cümşüd İbrahimlinin monumental plastika sahəsində diqqətçəkən əsərlərindən biri də “Fərhad” kompozisiyasıdır. “Fərhad” əsəri Cümşüd İbrahimlinin monumental plastikaya münasibətini və qəhrəmanlıq obrazını dinamik forma vasitəsilə ifadə etmək bacarığını nümayiş etdirən mühüm sənət nümunələrindən biridir. Əsərin əsas bədii təsir gücü fiqurun daxili dinamizmi və gərgin plastik ritmi üzərində qurulmuşdur. Müəllif obrazı statik vəziyyətdə deyil, hərəkətin kulminasiya anında təqdim etmişdir. Fərhadın yuxarı qaldırılmış qolu, çəkici zərbə anında tutuşu və irəliyə doğru açılmış geniş addımı kompozisiyaya güclü ritm və daxili enerji qazandırır. Bu dinamika monumental heykəltəraşlığın əsas xüsusiyyətlərindən biri olan daxili enerjinin plastik forma vasitəsilə ifadəsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Fiqurun anatomik quruluşunda müəllif tərəfindən idealizə olunmuş qəhrəman tipajı hiss olunur. Güclü əzələ plastikasının qabardılması, iri həcm münasibətləri və gərgin forma ritmi obrazın monumental təsirini artırır. Müəllif burada naturalist detallardan daha çox ümumiləşdirilmiş plastik ifadəyə üstünlük vermişdir. Bu xüsusiyyət əsəri realist təsvir çərçivəsindən çıxararaq monumental-romantik bədii həll səviyyəsinə yüksəldir.

Kompozisiyanın əsas xüsusiyyətlərindən biri də fiqurun məkanla aktiv əlaqəsidir. Aşağıdan yuxarıya istiqamətlənən kompozisiya xətti qəhrəmanlıq pafosu yaradır və obrazın monumental təsirini gücləndirir. Çəkicin havada dondurulmuş vəziyyəti isə əsərdə dramatik gərginliyi artıraraq hərəkətin emosional kulminasiya nöqtəsini vurğulayır. Müəllif fiqurun daxili iradəsini və fiziki gücünü plastik forma vasitəsilə ümumiləşdirilmiş bədii simvol səviyyəsinə çatdırmağa nail olmuşdur. Əsərdə işıq-kölgə münasibətləri də mühüm rol oynayır. Bədən səthlərindəki gərgin həcm keçidləri və plastik qırılmalar kompozisiyanın təsirini artırır. Heykəltəraş anatomik quruluşu yalnız fiziki güc göstəricisi kimi deyil, eyni zamanda daxili mənəvi enerjinin ifadəsi kimi təqdim etmişdir.

Fərhad obrazının seçilməsi də ideya baxımından xüsusi məna daşıyır. Şərq ədəbiyyatında və Azərbaycan mədəniyyətində Fərhad əmək, eşq, iradə və mübarizə simvolu kimi qəbul edilir. Cümşüd İbrahimli bu obrazı monumental plastikanın imkanları daxilində ümumiləşdirərək onu yalnız mifoloji qəhrəman kimi deyil, insan iradəsinin və mənəvi gücünün rəmzi kimi təqdim etmişdir. Sənətkarın Həzi Aslanov, Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Babək, Koroğlu və Pənahəli Xan kimi şəxsiyyətlərə müraciət etməsi müəllifin milli tarixə və dövlətçilik ideyasına bağlılığını göstərir. Bu əsərlərdə müəllif yalnız tarixi faktlara söykənmir, eyni zamanda həmin şəxsiyyətlərin milli yaddaşdakı mənəvi simasını plastik vasitələrlə ifadə etməyə çalışır. “Babək” kompozisiyasında qəhrəmanın iradə gücü və üsyankar xarakteri ön plana çıxarıldığı halda, “Şah İsmayıl Xətai” obrazında hökmdar qətiyyəti ilə poetik-fəlsəfi düşüncə arasında harmonik əlaqə yaradılmışdır. Müəllif monumental plastikanın ifadə imkanlarından istifadə edərək bu tarixi şəxsiyyətlərin daxili enerjisini və xarakterik xüsusiyyətlərini ümumiləşdirilmiş bədii forma vasitəsilə təqdim etmişdir.

Cümşüd İbrahimlinin monumental plastika sahəsində diqqətçəkən və xüsusi sənətşünaslıq marağı doğuran layihələrindən biri də Şuşa şəhəri üçün nəzərdə tutulmuş Pənahəli xan monumental kompozisiyasıdır. Reallaşdırılmamış bu layihə müəllifin tarixi yaddaşa, dövlətçilik ideyasına və monumental sənətin ideya-estetik imkanlarına münasibətini aydın şəkildə əks etdirən mühüm yaradıcılıq nümunəsi hesab edilə bilər. Layihənin müxtəlif səbəblərdən həyata keçirilməməsi onun bədii dəyərini azaltmır. Əksinə, bu cür layihələr müəllifin yaradıcılıq dünyasının miqyasını və sənətə yanaşma xüsusiyyətlərini daha dərindən anlamağa imkan verir. Kompozisiyanın ilk diqqət çəkən xüsusiyyətlərindən biri onun güclü dinamik quruluşudur. Əsərdə hərəkət əsas plastik ifadə vasitəsinə çevrilmişdir.

Müəllif Pənahəli xan obrazını statik vəziyyətdə deyil, daxili yüksəlişin və iradənin ən gərgin anında təqdim etmişdir. Şaha qalxmış at üzərində təsvir edilən fiqur monumental plastikanın əsas prinsiplərinə uyğun olaraq güclü emosional təsir yaradır. Burada hərəkət yalnız fiziki dinamika kimi deyil, daxili enerjinin və tarixi iradənin bədii ifadəsi kimi çıxış edir. Atın ön ayaqlarının havaya qalxması, ümumi siluetin yuxarı istiqamətlənməsi və fiqurun ritmik quruluşu əsərin daxili enerjisini artırır. At obrazı monumental heykəltəraşlıq tarixində ənənəvi olaraq qəhrəmanlıq, hakimiyyət, iradə və güc simvolu hesab olunur. Cümşüd İbrahimli bu klassik motivdən istifadə etsə də, onu fərdi yaradıcılıq təfəkkürü ilə zənginləşdirmişdir. Burada at sadəcə dekorativ element və ya nəqliyyat vasitəsi funksiyası daşımır. O, kompozisiyanın emosional yükünü daşıyan mühüm bədii vasitəyə çevrilir. Atın gərgin plastikası, səthlərdə hiss olunan ritmik keçidlər və ümumi forma həlli fiqurla birlikdə vahid monumental sistem yaradır. Müəllif insan və heyvan plastikasını bir-birinə tabe etdirmədən harmonik şəkildə əlaqələndirməyə nail olmuşdur. Əsərin kompozisiya quruluşunda aşağıdan yuxarıya istiqamətlənən ritm xüsusi əhəmiyyət daşıyır.

Bu istiqamət monumental sənətdə qəhrəmanlıq pafosunun yaradılmasına xidmət edən əsas vasitələrdən biridir. Tamaşaçının baxışı təbii şəkildə yuxarıya yönəlir və nəticədə obrazın emosional təsiri daha da artır. Kompozisiyanın bu cür həlli müəllifin monumental plastikanın məkan xüsusiyyətlərini dərindən mənimsədiyini göstərir. Burada həcm və məkan münasibətləri təsadüfi qurulmamış, ümumi ideyanın ifadəsinə xidmət edən bədii sistem kimi həll edilmişdir. Fiqurun plastik həllində idealizasiya xüsusiyyətləri də aydın hiss olunur. Müəllif naturalist detalları ön plana çıxarmaq əvəzinə ümumiləşdirilmiş monumental ifadəyə üstünlük vermişdir. Anatomik quruluşda gücləndirilmiş həcm münasibətləri, iri forma keçidləri və sadələşdirilmiş plastika qəhrəmanlıq təsirini daha da artırır. Burada məqsəd tarixi şəxsiyyətin zahiri görünüşünü dəqiq təkrarlamaq deyil, onun daxili xarakterini və mənəvi gücünü plastik vasitələrlə açmaqdır.

Pənahəli xan obrazının seçilməsi də xüsusi ideya yükü daşıyır. Qarabağ xanlığının banisi və Şuşa şəhərinin qurucusu kimi Pənahəli xan Azərbaycan tarixində mühüm yer tutur. Müəllif bu obrazı yalnız konkret tarixi şəxsiyyət kimi təqdim etmir. Burada Pənahəli xan dövlətçilik düşüncəsinin, milli yaddaşın və tarixi davamlılığın ümumiləşdirilmiş simvoluna çevrilmişdir. Obrazda hərbi qəhrəmanlıqla yanaşı siyasi müdriklik və quruculuq ideyası da hiss olunur. Bu xüsusiyyət müəllifin tarixi şəxsiyyətlərə münasibətində fərqli yanaşma formalaşdırdığını göstərir.Bu layihənin müasir dövrdə aktuallığı xüsusi diqqət çəkir. Şuşanın Azərbaycanın mədəni həyatında yenidən öz yerini bərpa etməsi, tarixi yaddaşa qayıdış və milli-mənəvi dəyərlərin yenidən dəyərləndirilməsi prosesi Pənahəli xan obrazına yeni məna qazandırmışdır.

Bu gün həmin obraz yalnız tarixi keçmişin deyil, həm də milli qayıdışın, mənəvi davamlılığın və dövlətçilik ənənələrinin rəmzi kimi qəbul edilə bilər.Nəticə etibarilə, Cümşüd İbrahimlinin Pənahəli xan monumental layihəsi həyata keçirilməsə belə, ideya-estetik baxımdan Azərbaycan monumental heykəltəraşlıq sənətində mühüm yer tutan yaradıcılıq nümunələrindən biri hesab oluna bilər. Əsərdə monumentallıq, dinamizm, tarixi düşüncə və milli məzmun vahid plastik sistem daxilində birləşdirilmişdir. Müəllif burada təkcə tarixi şəxsiyyəti təsvir etməmiş, həm də milli yaddaşın və tarixi düşüncənin bədii modelini yaratmağa nail olmuşdur.

Cümşüd İbrahimlinin yaradıcılığında portret janrı xüsusi həssaslıq və peşəkarlıqla işlənmişdir. Onun yaratdığı portret-büstlərdə insan xarakterinin daxili psixoloji qatlarını açmaq cəhdi aydın hiss olunur. Şair T.Bayramın portreti, filosof Ş.Kazımovun ağac materialında işlənmiş obrazı, professor Qəmər Adıgözəlovanın büstü və digər nümunələr müəllifin fərdi xarakterləri duymaq və onları plastik ifadə vasitələri ilə təqdim etmək bacarığını nümayiş etdirir. Bu portretlərdə zahiri oxşarlıqla yanaşı insanın daxili aləmi, həyat təcrübəsi və mənəvi enerjisi də hiss olunur. Xüsusilə səthlərin işlənmə prinsipi, baxışların emosional ifadəliliyi və həcm münasibətlərinin ritmik həlli müəllifin yüksək akademik hazırlığını göstərir.

Sənətkarın yaradıcılığı yalnız Azərbaycan miqyası ilə məhdudlaşmamışdır. O, müxtəlif beynəlxalq və ümumittifaq müsabiqələrdə iştirak etmiş, monumental layihələri ilə diqqəti cəlb etmişdir. Hindistanda ucaldılması nəzərdə tutulan Cəvahirləl Nehru və İndira Qandi abidələri üçün keçirilmiş beynəlxalq müsabiqədə SSRİ-dən seçilən layihələr arasında onun işlərinin yer alması müəllifin yaradıcılıq potensialının yüksək göstəricisi hesab edilə bilər. Bu fakt eyni zamanda Azərbaycan monumental heykəltəraşlıq məktəbinin beynəlxalq sənət mühitində təmsil olunması baxımından da mühüm əhəmiyyət daşıyır.

Cümşüd İbrahimlinin yaradıcılıq taleyi müəyyən mənada dramatik məqamlarla müşayiət olunmuşdur. Bir sıra monumental layihələrinin reallaşmaması, bəzi modellərin məhv olması və ya yarımçıq qalması müəllifin sənət yolunda qarşılaşdığı çətinlikləri göstərir. Xüsusilə Nizami heykəlinin zavod şəraitində uzun müddət qalaraq sonradan məhv edilməsi sənətkarın yaradıcılıq taleyində ağrılı məqamlardan biri olmuşdur. Lakin bütün bunlara baxmayaraq müəllif yaradıcılıq fəaliyyətini davam etdirmiş, monumental plastika sahəsində öz axtarışlarını dayandırmamışdır. Bu baxımdan onun yaradıcılığı yalnız estetik deyil, həm də mənəvi iradənin və sənətə bağlılığın ifadəsi kimi qiymətləndirilə bilər.

Müəllifin yaradıcılığına xas olan mühüm xüsusiyyətlərdən biri monumental düşüncə ilə lirizmin vəhdətidir. Onun əsərlərində sərt plastik forma ilə emosional ifadə paralel şəkildə mövcuddur. Bu xüsusiyyət xüsusilə memorial kompozisiyalarda və portret janrında daha qabarıq hiss olunur. Müxtəlif materiallarda beton, bürünc, qranit, mərmər və mis üzərində işləməsi müəllifin materialın plastik imkanlarını dərindən duyduğunu göstərir. Hər bir materialda fərqli faktura və emosional təsir əldə etməsi onun peşəkar heykəltəraşlıq təcrübəsinin göstəricisidir.

Son illərdə rəngkarlıq sahəsində fəaliyyət göstərməsi də sənətkarın yaradıcılıq diapazonunun genişliyini nümayiş etdirir. Mənzərə janrında işlədiyi əsərlərdə təbiətin ritmi, rəng harmoniyası və emosional ovqat diqqəti cəlb edir. Heykəltəraşlıqda olduğu kimi rəngkarlıq nümunələrində də müəllifin müşahidə qabiliyyəti və bədii ümumiləşdirmə bacarığı hiss olunur.

Günel SEYİDƏHMƏDLİ

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək