Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Şəkidə təkəlduz sənətinin
Şəkidə təkəlduz sənətinin
Ana səhifə

Şəkidə təkəlduz sənətinin İNKİŞAF XÜSUSİYYƏTLƏRİ - FOTO

Xpress.az Redaksiyası 30.05.2026 11:27

Bəşəriyyətin varlığı ilə eyni vaxtda yarandığı düşünülən sənət, insan fəaliyyətini əks etdirən yaradıcılıq prosesidir. Bu proses insanlıq yarandığı gündən təbii ehtiyacların ödənilməsi məqsədilə başlasa da, sonrakı dövrlərdə zövq oxşamaq arzusu ilə davam etmişdir ki, bu da müxtəlif sənət sahələrinin yaranmasına təkan vermişdir. Beləliklə, sənətin inkişafı sivilizasiyanın inkişafına, yüksək mədəniyyətin formalaşmasına zəmin yaratmışdır.

Dünya mədəniyyətinin tərkib hissəsi olan, hər qarışında tarixin izlərini yaşadan Azərbaycan mədəniyyəti bu xalqın zəngin tarixi köklərə, yüksək milli-mənəvi, estetik, əxlaqi dəyərlərə malik olduğunun göstəricisidir. Bunun sübutunu təkcə Azərbaycanda mövcud olan tarixi abidələrdə deyil, eyni zamanda sənətkarlıqda da görürük.

Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan şimal-qərb bölgəsi, xüsusilə də Şəki şəhəri öz sənətkarlığı və ticarəti ilə nəinki Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda məşhurdur. Şəkidə sənətkarlığın daha çox dulusçuluq, dabbaqlıq, bədii metal işləmə, bədii parça və tikmələr, toxuculuq, xalçaçılıq, zərgərlik və s. növləri geniş yayılmışdır. Böyük İpək Yolunun üzərində yerləşməsi Şəki şəhərinin əmtəə və bilik mübadiləsi, eyni zamanda infrastrukturu baxımından olduqca mühüm əhəmiyyət kəsb edmişdir. Tacirləri Şəkiyə ən çox cəlb edən əmtəə ipək olsa da, burada hazırlanan zinət əşyalarına, xalçalara, palazlara, lentlərlə və muncuqlarla bəzədilmiş müxtəlif işləmələrə, rəngarəng tikmələrə, taxta və şüşənin vəhdətindən yaradılmış möhtəşəm şəbəkələrə və başqa bir sıra tətbiqi sənət nümunələrinə xüsusi maraq və tələbat var idi. Bu tətbiqi sənət nümunələri içərisində toxuma və hörmə, bədii tikmə sənətləri də önəmli yer tutur.

Şəkidə təkəlduz sənətinin yaranması və inkişafı tarixindən

Azərbaycanın hər yerində olduğu kimi, Şəkidə də nənələrimiz, analarımız hər zaman zövqlü geyimlərə üstünlük vermiş, istifadə etdikləri əşyalara gözəllik verə bilmək üçün əllərindən gələni etmiş, tikmə üsulundan istifadə edərək bir-birindən maraqlı, orijinal, göz oxşayan bədii-estetik nümunələr yaratmışlar. Şəkidə “əl əməyi, göz nuru” nəticəsində yaradılan öz aktuallığını bu günə qədər qoruyub saxlayan dekorativ tətbiqi incəsənət nümunələri içərisində təkəlduz tikmələri xüsusi yer tutur. “XVI-XVII əsrlərdə Azərbaycanda-xüsusilə də Şəkidə, əhali arasında ən çox inkişaf etmiş tikmə üsulları təkəlduz, güləbətin, muncuqlu və qurama olmuşdur”.

Xanımlarımızın əlləri ilə işlədikləri təkəlduz-geyimlərdə, örpəklərdə, süfrələrdə, pərdələrdə, yastıq-yorğan üzlərində, taxt örtüklərində, taxça salmançalarında, puşdu və mütəkkələrdə, yük üzlərində, xınabəndlərdə, hamamda işlənən ayaqaltılarda, yəhərçin və çullarda və s. tətbiq olunmuşdur. “Toxucular ayrıca tənbəki kisələri, süfrələr, çantalar, ayaqqabılar, ipək pərdələr, şapkalar, şərflər və döşəmələr üçün ənənəvi yastıqları da hazırlayırdılar”. Şəkidə bütün evlərdə əl işləməli bu cür əşyalardan ən az bir neçəsinə rast gəlmək mümkün olmuşdur. Hətta gəlin köçən qızların cehizləri bu cür əl işləri ilə zənginləşdirilmiş və bəzədilmişdir. “Tikmə işlərində əlvan boyalı pambıq, yun, ipək saplar, güləbətin adlanan qızılı-gümüşü saplar, piləklər, xırda zərif muncuqlar, qiymətli daşlar, rəngli parça kəsikləri və s. tətbiq edilir”.

“Təkəlduz” sözü “tək əllə düz” mənasını ifadə edir. Təkəlduz üçün istifadə edilən alətlər “sağanaq” və “qarmac” və ya “qullab bizi” adlanır. Təkəlduz daha çox rəngli ipək saplarla saya, birrəngli parçalar üzərində tək əllə toxunurdu.

Parça xüsusi taxta alət olan saxnağa yerləşdirilir, Ən çox mahud, məxmər, ipək parçalardan istifadə etməklə zövqoxşayan, estetik gözəlliyi ilə seçilən bədii nümunələr yaradılırdı. Bu parçalar üzərinə rəngli saplarla evdar xanımlar tərəfindən həkk edilən müxtəlif naxışlar əsl sənət əsəri səviyyəsində icra edilsə də, xanımlar bu sənətin inkişaf etməsi üçün kifayət qədər nüfuza sahib deyildilər. Təkəlduz tikmələri zaman keçdikcə sadəcə evləri bəzəməklə öz funksiyasını icra etməmiş, tədricən bir sənət olaraq XVII əsrdən kişi sənəti kimi əmtəəyə çevrilməyə başlamışdır.

Mahmud İsmayılovun “Şəki xanlığı” əsərində təkəlduz tikmələrinin kişi sənətinə çevrilməsi və əmtəəsi faktına rast gəlirik. Müəllif əsərində əks olunan daha bir fakt isə təkəlduz sənətinin Azərbaycanın Şəki ərazisində yayılması ilə bağlıdır. “Sənətkarlığın təkəlduzluq (paltar və ev şeyləri üstüsdə ipək sapla tikiş) sahəsi Azərbaycanda yalnız Şəkidə yayılmışdı. Bu işlə əsasən kişilər məşğul olurdu. Bu sənətkarlar əsasən sifarişlə işləyirdirlər. Sifarişçi öz materialını təkəlduza verərək onun üstündə hansı naxışı toxumasını tapşırırdı. Sənətkar sifarişçidən günəmuzd haqq, eyni zamanda işlətdiyi ipək sapın haqqını alırdı”.

Xanlıqlar dövründə Şəkidə hər bir sənət növünü əsk etdirən xüsusi əsnaf bayraqları hazırlanırdı və həmin bayraqların məhz təkəlduzla bəzədilməsi də bu sənət növünə xüsusi önəm verilməsinin nümunəsi idi. Mahmud İsmayılov belə bir fakta azərbaycanlı etnoqraf Rəşid bəy Əfəndiyevin əlyazmalarından birində rast gəldiyini qeyd edir: “Bayraqlar qırmızı mahud üzərində qullab tikilmiş, güləbətin saçağı və qotaz ilə bəzənmiş halda hər əsnaflğın özünə məxsus idi. Bu xüsusiyyət hər bir əsnafın öz həcətlərini (yəni alətlərini) andırırdı. Bunları təkəlduzlar ipək ilə işlərdi”.

Məlumdur ki, sənətkarların fəaliyyətinin əmtəəyə çevrilməsi üçün ticarətin inkişafı olduqca mühüm əhəmiyyətə malikdir. Mahmud İsmayılov məhz bu məqsədlə XVIII əsrin sonlarında Şəkidə bütün sənətkarlıq sahələrini təmsil edən onlarla dükanın olduğunu, bu dükanlar arasında təkəlduzun da olduğunu qeyd edir. “Şəkidə daxili ticarətin xeyli inkişaf etməsini göstərmək üçün təkcə onu qeyd etmək lazımdır ki, Şəkidə yüzlərlə dükan var idi. Feodal hökmdarlar ticarətdə fəal iştirak edirdilər. Şəki xanı Məhəmmədhəsən xanın 264 dükanı vardı”.

Şəkidə XIX əsrdə fəaliyyət göstərən sənətkarlar-xüsusən də təkəlduz ustaları haqqında statistik məlumata nəzər salsaq görərik ki, “XIX əsrin əvvəllərində Şəkidə yəhər üzü bəzəyən 22, başmaq üzü bəzəyən 16, püşdü üzü bəzəyən 50 təkəlduz dükanı vardı. XIX əsrin sonlarında təkəlduz məmulatına tələbatın qismən azalmasına baxmayaraq, Şəkidə hələ də 20-ə qədər təkəlduz dükanı fəaliyyətdə idi. 1891-ci ildə həmin dükanlarda 100 nəfərə yaxın usta çalışırdı”. XIX əsrin əvvəllərində Şəkidə Ağabala Pəhləvanoğlu, Sadıq Hacı Vahab oğlu, Albalı Məmməd oğlu, Məmmədağa Musa oğlu, Əbdülhüseyn Adıgözəl oğlu, Məşədi Hüseyn Məşədi Əsgər oğlu, Kərbəlayi Cabbar Bəxtiyar oğlu, Rza Kərbəlayi Cabbar oğlu, Şirəli Hacıbala oğlu, Abuzər və Rza Hüseyn oğlanları kimi təkəlduz ustaları fəaliyyət göstərirdilər.

Ədəbiyyatlardan əldə etdiyimiz məlumatlara əsasən deyə bilərik ki, “Şəkinin məşhur təkəlduz ustaları Mövsüm Məşədi Əli oğlunun, Həsənbəy Əsədovun, Məşədi Məmmədrza Əhməd oğlunun, Yusif Əbdürrəhim oğlunun, Məşədi Yusif Meşədi Süleyman oğlunun əl işləri XIX əsrdə Peterburq, Moskva, London, Paris sərgilərində fəxri yer tutmuş, qızıl və gümüş müdallara layiq görülmüşdür.” Bu da Şəkidə təkəlduz sənətinin hansı səviyyəyə yüksəlməsinin bariz nümunəsidir.

Lakin XX əsrin əvvəllərində Şəkidə sənətkarlıq zəifləməyə başlayır. Bunun əsas səbəblərindən biri, bəlkə də başlıcası Şəkidə ipək sənayesinin inkişafi, ipək fabriklərinin yaradılması, fabriklərdə qazancın nisbətən çox olması idi. Beləliklə, usta köməkçiləri sənətdən üz döndərərək fabriklərə üz tuturdu, ustalar isə Zaqafqaziyanın başqa şəhərlərinə köçür və qürbət eldə sənəti davam etdirməyə məcbur olurdular ki, bu da sənətkarlığın geriləməsi demək idi.

“XVIII-XIX əsrlərdə tikmə sənəti əvvəlki mövqeyini yavaş-yavaş itirir və güləbətin, pilək və digər növlər tədricən aradan çıxmağa başlayır. Buna baxmayaraq təkəlduz tikmə ənənələri hələ davam edirdi”.

“Vaxtı ilə çox məşhur olan Şəki sənətkarlığı bir qədər geriləmişdir. Təsadüfi deyildir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1967-ci il 24 noyabr tarixli qərarında bu məsələ qeyd olunmuş, yerli sənaye və yeyinti məhsulları sənayesi nazirliklərinə, habelə Şəki Şəhər İcraiyyə Komitəsinə tapşırılmışdır ki, keramika, corab, təkəlduz tikişi, başmaq, papaq, sandıq, qırmabadam, əriştə, paxlava, tel halva, bamiyə, peşmək istehsalını və satışını təşkil etmək üçün tədbirlər hazırlayıb həyata keçirsinlər. Bu qərardan sonra bəzi sənətkarlıq sahələrində, xüsusən şəbəkə, misgərlik, dulusçuluq və s. sahələrdə canlanma əmələ gəlmişdir”.

Şəkinin məşhur təkəlduz ustalarından olan Rza Tağızadə təkcə bu şəhərdə deyil, respublikada şöhrət tapmışdır. O, öz sənətini gənclərə öyrətmişdir, bu gənclər içərisində qızı Möhtərəm Ağahüseynzadə də vardır. Möhtərəm xanım Şəkinin ilk təkəlduz qadın ustası kimi tarixə düşdü. Onun əl işləri Azərbaycanda təşkil edilən sərgilərdə nümayiş etdirilmiş, fəxri mükafatlara layiq görülmüşdür. Təkəlduz sənəti ənənəsi nəsildən-nəslə ötürülmüşdür, bu gün Möhtərəm Ağahüseynzadənin qızı Səxavət xanım onun ən layiqli davamçısı kimi təkəlduz sənətini yaşadır.

XXI əsrdə təkəlduz sənətinin inkişaf səviyyəsi olduqca yüksəlib. Gənclər arasında sənətə maraq göstərənlərin sayı xeyli artıb. Xüsusilə, xanımlar bu sənətlə məşğul olurlar. Onların içərisində Vəfa Mustafayeva və Aysel Aslanovanın adını çəkə bilərik. Bu xanımlar iplərlə parça üzərində deyil, keçə üzərində işləməklə təkəlduz sənətinə yeni nəfəs gətirmişlər.

Beləliklə, təkəlduz sənəti bu gün də maraqla öyrənilən və davam etdirilən sənət növü olaraq inkişaf etməkdədir.

Təkəlduz üzərində əks olunan naxış və ornamentlər

Təkəlduz təkcə əl əməyinin məhsulu deyil, eyni zamanda fikrin, düşüncənin məhsulu olaraq meydana çıxmışdır. Parça üzərində işlənən naxışlar milli kolorit və bədii üslubu ilə xalq yaradıcılığının izlərini qoruyub saxlasa da, hər bir sənətkarın fərdi düşüncəsinin fantaziyasının nümayişçisi, təzadlı fikirlərin nümayişçisi kimi də özünü göstərir. “Renklerin tezadı, sert bir çehre ile yumuşak dokumanın tezadı, bir elle taşınan kılıç ile öteki elle tutulan karanfil tezadı gibi”.

Sənətkarlar ənənəvi naxışlarla bərabər, şəxsi düşüncələrinin məhsulu olan yeni naxışları sintez edərək maraqlı bədii nümunələr yaradırlar. Məsələn, aşağıdakı nümunədə dairə içərisində nəbati ornamentlərlə- çiçək, budaq və yarpaqlarla bəzədilmişdir. Bu xüsusiyyəti təqdim edilən sənət əsərinin ənənəvi naxışlar tərəfini təşkil edir. Burada diqqət çəkən əslində, ornamentlərin hər biri özlüyündə ənənəvi mənbələrdən gəlsə də, bunların məzmununun birləşdirilməsi, nar meyvəsinin və buta rəmzlərinin qarşı-qarşıya dayanaraq çiçək motivini yaratması, bizə görə, ustanın fərdi düşüncəsinin məhsulu olaraq dəyərləndirilə bilər. “Mifoloji anlamdan arzürriyyət rəmzi, evlilik bağının möhkəmliyinin rəmzi, tibbi tərəfdən sağlamlığın önəmli hissəsi, dində cənnətdəki meyvələrdən biri kimi bəhs edilir”.

Məlumdur ki, nar meyvəsi mifoloji mənbələrdə zənginlik, yenilməzlik və gücün simvoludur. Nar motivinə türk, xüsusilə də Azərbaycan folklorunda kifayət qədər geniş əks olunan mövzudur. "Nağıllarda nar bir tapmacanın cavabı, övladsız ailələrin uşaq sahibi ola bilməsi üçün sehrli bir meyvə, sevgililər üçün bir sınama vasitəsi, maddi və mənəvi hədiyyələr qazandıran bir vasitə, xəstəlikləri qabaqlayıcı sirli bir dərman, bəzən də talesizliklə nəticələnən bir hadisənin qaynağı olaraq işlənmişdir”.

Nümunədə əks olunan digər element buta motividir. Buta xalqımızın milli mədəniyyətinin simvollarından biridir. O, mifologiyada ilahidən gələn tale kimi qeyd olunur. Anlamı “od”, “alov” ifadə edən buta insanı xəstəliklərdən, bədnəzərdən qoruyan alov dilimi olaraq Günəşin rəmzləşdirilmiş formasıdır. “Məhəbbət dastanlarına görə buta almış aşiq igidliyi və dürüstlüyü ilə də sеçilir. Aşiqə buta vеrilməsi, yaxud оna dоlu qabdan еşq şərbəti içirdilməsi, nağıllarda qəhrəmanın yuxusunun ardınca gеdib xoşbəxtliyə qоvuşması ilə bağlı hadisələr mücərrəd buta anlayışında birləşir. Buta vеrilməsi, buta alınması yuxuda baş vеrdiyindən yuxu və buta bir vəhdət təşkil еdir. Dastanlarımızdakı buta qəhrəmanları əvvəlcə aciz, əllərindən iş-güc gəlməyən gənclər olsalar da, buta alandan sonra yenilməz bir qəhrəmana çevrilirlər. Bu fağırlığın - acizliyin arxasında haqqa, ruhaniyyata mənəvi bağlılıq teli dayanır”. Deməli, buta həm də məhəbbət motividir. “Məhəbbət motivləri ...bədii sənətkarlığın bütün sahələrində öz əksini tapmışdır”.

Beləliklə, sənətkar bütün bu ornamentləri bir araya gətirərək maraqlı kompozisiya yaratmış, əsərə postmodernist ruh vermişdir.

Təkəlduz sənəti əlimizdə olan ilk nümunələrindən günümüzə qədər tikilən nümunələrinə qədər hər bir əl işinin özünəməxsusluğu ilə yanaşı, milli ənənələrə söykənən, xalqın ruhundan süzülüb gələn təsvirlərə, milli maddi-mənəvi mədəniyyət nümunələrinə xas olan ortaq xüsusiyyətləri qoruyub saxlayır. Təkəlduz üzərindəki ornamentlərə-nəbati təsvirlərə, həndəsi fiqurlara xalçalarda, Şəki Xan sarayının divar rəsmlərində, məzar daşları üzərində rast gəlinməsi bu naxışların ərazi və bölgə üçün xarakterik olmasını sübut edir. Şəki Xan sarayının interyerinə nəzər saldıqda oxşar ornamentlərin və fərqli rənglərin sintezini görürük ki, bu da eyni genetik kodu daşıyan ali xalqın çoxəsrlik ənənəvi mədəniyyətinin göstəricisidir. “Şəki Xan sarayının pannolarında əsas yeri həndəsi və nəbati naxışlar, süjetli mövzular, quş motivləri yer tutur.... Saraydakı naxışların zərifliyi və zənginliyi, qızılı rəngin geniş tətbiqi, şəbəkə sənətindən geniş istifadə edilməsi və pəncərələri bir-birindən fərqli rəngli xırda şüşələrlə bəzənən şəbəkələr bu binanı günün müxtəlif saatlarında interyerin əhval-ruhiyyəsini dəyişərək onu bənzərsiz edir”.

Məzar daşları da xalqın çoxəsrlik mədəniyyətini əks etdirən abidələrdəndir. Şəkidəki bu maddi mədəniyyət nümunələri sənət və sənətkarlığın yüksək səviyyəsinin göstəricisidir. Peşəkar sənətkarlar tərəfindən məharətlə daşlar üzərinə həkk olunan yazılar, ornamentlər-nəbati və həndəsi təsvirlər, quş motivləri həm xalqın mifik təfəkkürünü, inam və etiqadını əks etdirir, həm də gözəl tərtibatı ilə göz oxşayır.

“Şəki qəbiristanlıqlarındakı şahidələr üzərində nəbati təsvirlər üstünlük təşkil edir. Bu təsvirlər nəfis tərtibatı və mükəmməlliyi ilə seçilir. Onların arasında lalə, zanbaq kimi güllər əksəriyyət təşkil edir. Güllərlə yanaşı, yarpaqlar, ağac və kolluqların şaxələri, sarmaşıqların zoğları, güllərin açılmamış qozaları, gül ləçəklərinin yatağı və nəbati aləmin bir sıra elementləri təsvir ünsürünə çevrilmişdir”. Göründüyü kimi, məzar daşları üzərində həkk edilmiş kompozisiyalar həm dairə, həm də düzbucaqlı haşiyələr içərisində verilir. Hər bir detal ayrılıqda məna yükünə malik olmaqla yanaşı, ümumi kompozisiyanın məzmun ahəngini də qoruyub saxlaya bilir. Bu vəhdət təkəlduz tikmələrində də oxşar xüsusiyyətin davamı kimi ortaya çıxır. Daha bir oxşarlıq rənglərdən istifadə və rəng uyumunun qorunub saxlanmasıdır ki, buna həm daş, həm də parça üzərində işlənmiş maddi nümunələrdə rast gəlirik. Buradakı fərqli məqam isə başdaşları üzərində yazıların da kompozisiya ilə ahəng təşkil etməsidir ki, təkəlduzlarda yazılara demək olar ki, zəruri ehtiyac olmadıqda, yəni əsər xüsusi sifariş əsasında hazırlanmadıqda rast gəlinmir. Digər iki fərqli məqam isə ondan ibarətdir ki, istər Şəki Xan sarayında, istərsə də məzarlarda ornamentlər daş üzərində, boyalarla icra edilir. Təkəlduzun ifadə vasitələri isə parça və rəngli saplardır.

Beləliklə, istər təkəlduz, istərsə də tarixi abidələrdə xalq düşüncəsinin məhsulu olan ənənəvi ornamentlərlə yanaşı, sənətkar təxəyyülünün, düşüncəsinin məhsulu olan fərdi xüsusiyyətlərə də rast gəlinir.

Şəkidə əl işi təkəlduzlarla yanaşı, sonrakı dövrlərdə maşın işi nümunələrə də rast gəlinir. Şəkidə təkəlduz sənətinin inkişafını göstərən əl işi nümunələrin bir qismi Azərbaycan Dövlət Turizm Agentliyinin nəzdində fəaliyyət göstərən Şəki Tarix Diyarşünaslıq Muzeyinin fondunda 408-413, 415, 741, 829, 830, 844, 865, 866, 873, 876-878, 880, 886, 891-903, 932, 1295, 1300, 1310, 1333 inventar nömrələri ilə saxlanır. Fondda, həmçinin 1304, 1305, 1867 inventar nömrələri ilə maşın işi nümunələri də saxlanmaqdadır.

Məqalədə, ilk dəfə olaraq Şəkidə təkəlduz sənətinin tarixi, inkişaf səviyyəsi sistemli şəkildə araşdırılmış, bədii nümunələr üzərində təsvir edilən bəzi ornamentlərin müqayisəli təhlilləri aparılaraq, rəmzi xüsusiyyətləri üzə çıxarılmışdır.

Şəkidə təkəlduz sənəti tarixin müəyyən mərhələsində nisbətən geriləsə də, müasir dövrdə yenidən canlanmış və yeni məzmun qazanmışdır. Təkəlduz üzərində işlənən ornamentlərə Şəkinin tarixi abidələrində - Xan sarayının divar rəsmlərində və məzar daşları üzərində də rast gəlinir ki, burada da xalq düşüncəsinin məhsulu olan ənənəvi ornamentlərlə yanaşı, sənətkar təxəyyülünün məhsulu olan fərdi xüsusiyyətlər də izlənilməkdədir. Bu fərdi xüsusiyyətlər müasir zamanın tələblərinə uyğun olaraq, sənətin bütün sahələrində olduğu kimi, təkəlduzçuluqda da sənətkarların maraqlı kompozisiyalar yaratması, əsərlərə postmodernist ruh verməsi ilə xarakterizə olunur.

Sevda MƏMMƏDRƏHİMOVA

Şəki Tarix-Diyarşünaslıq Muzeyinin elmi işçisi

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək