Yüksək mədəniyyət və ictimai asayiş qəsəbəsi: LAHIC - FOTO
“Çəkiclərin ritmində musiqi, daşların düzümündə mühəndislik, insanların qəlbində isə bir nizam-intizam və elm işığı gizlənən məkan - Lahıc”.
Zaman hər şeyi öz amansız axınında əridib yox edən adsız bir rəssamdırsa, Lahıc həmin rəssamın fırçasından qaçmağı bacarmış, əbədiyyət donuna bürünmüş bir sənət əsəridir. İnsan varlığının torpaq, daş və ruhla qurduğu o gizli dialoq bəşər tarixində çox az məkanda Lahıcdakı qədər kamil və fəlsəfi bir vəhdətə ucalmışdır. Bura sadəcə coğrafi bir məkan, xəritədə çətinliklə tapılan bir nöqtə deyil; zamanın dördüncü ölçüsündən boylanan, maddənin mənaya çevrildiyi mistik bir sivilizasiya modelidir. Lahıc, insanın təbiətlə savaşmaq deyil, onunla barış içində yaşamaq fəlsəfəsinin daşlaşmış simvoludur. Uca dağlar qoynunda, buludların toxunduğu zirvələrin kölgəsində qərar tutan bu sehrli qəsəbə, bizə xatırladır ki, əsl mədəniyyət insanın xaricində ucaltdığı binalarda deyil, daxildə qurduğu nizam-intizam, elmə bəslədiyi sevgi və digər ruhlara göstərdiyi dərin tolerantlıqla ölçülür.
İsmayıllı rayonunun dumanlı dağ yamaclarında, göylərə baş çəkən sıldırım qayaların bağrında yerləşən bu qəsəbə, coğrafi mövqeyi etibarı ilə sanki bəşəriyyətin səs-küyündən təcrid olunmuş təbii bir qaladır. Böyük Qafqazın cənub ətəklərində qərar tutan Lahıc, hər tərəfdən Niyaldağın əzəmətli zirvələri və sıldırım qayalarla əhatə olunmuşdur. Qəsəbəyə gedən yollar dərin dərələrin kənarından, Girdiman çayının hiddətli uğultusu altından keçir. Bu çay əsrlər boyu Lahıcın həm həyat mənbəyi, həm də onun sarsılmaz müdafiəçisi olmuşdur. Coğrafiyanın insana diktə etdiyi bu sərt, lakin füsunkar gözəllik yerli əhalinin xarakterində formalaşmış, onları dağlar qədər dözümlü etmişdir. Ağsaqqal dağların ağ dumanı qəsəbənin üzərinə bir örtük kimi çəkiləndə, Lahıc keçmişlə bu gün arasında dayanan nağılvari bir məkana çevrilir.
Tarixən təkcə polada, misə can verən sənətkarlığın deyil, həm də daxili nizam intizamın, insanpərvərliyin möhtəşəm bir ictimai etikanın sığınacağı olan bu yer, məhz bu coğrafi möcüzənin və təbii harmoniyanın bətnindən doğulmuşdur. Lahıcı bəşəriyyət üçün maraqlı edən fundamental cəhət onun təkcə heyranedici sənətkarlıq nümunələri və ya dar küçələrini bəzəyən naxışları deyil, həm də ruhlara rahatlıq verən daxili asayişi, sakinlərin dünyəvi dünyagörüşü, elmə bəslənən sonsuz sevgi yüksək tolerantlıq fəlsəfəsidir.

Lahıcın uca mədəniyyətinin ilk bədii təzahürü, onun sanki yerləşdiyi təbiətin və relyefin bir parçası olan, rəssam fırçasından çıxmış şəhərsalma arxitekturasında heyranlıqla özünü göstərir.
Qəsəbə hələ orta əsrlərin qaranlıqlarından boylanaraq planlı şəkildə salınmış, onun hər bir küçəsi çay daşları ilə elə bir zərifliklə döşənmişdir ki, dağların qəzəbli suları və leysan yağışları bu məkana xələl gətirmədən dərhal kənarlaşdırılır. Lahıcın ən böyük mühəndislik və mədəniyyət möcüzələrindən biri olan, yaşı min ili arxada qoymuş yeraltı kanalizasiya “kürəbənd” sistemi isə bu gün də bir saat dəqiqliyi ilə işləməkdədir. Bu sistem qədim babaların təmizliyə, gigiyenaya və əhatəsində olduqları saf təbiətə olan dərin ehtiramın maddi sübutudur.
Evlərin inşasında istifadə olunan, zəlzələlərin qəzəbini sovuşduran qədim “sinəbənd” (ağac qurşaq) sistemi isə yerli ustaların təbiətlə necə harmoniyada yaşadığını və mühəndislik düşüncəsinin zirvəsini nümayiş etdirir.
Bu maddi nizam və intizam, qəsəbənin mənəvi dünyasında, elmin və ziyalılığın işığında daha parlaq bir cilaya sahib olur. Lahıc küçələri əsrlər boyu təkcə çəkiclərin ritmik və musiqili sədaları ilə deyil, eyni zamanda elmin, fəlsəfənin və müqəddəs kitabların nuru ilə aydınlaşdırılmışdır. Coğrafi baxımdan sıldırım qayaların arasında, dünyadan təcrid olunmuş bir məkanda yerləşməsinə baxmayaraq, Lahıc əhalisi maarifçilik işığına doğru can atmağı özünə mənəvi borc bilmişdir. Ətrafı saran keçilməz dağ zəncirləri buna sığınan insanlar üçün mənəvi bir azadlıq və düşüncə sahəsi yaratmışdır. Qəsəbədə fəaliyyət göstərən qədim məktəb və mədrəsələr sadəcə yazı-pozu öyrədən yerlər deyil, bütöv bir bölgənin intellektual mərkəzi idi.
Burada xəttatlıq sənəti bir ibadət dərəcəsinə ucalmış, nadir əlyazmalar və kitab köçürmə ənənəsi nəsildən nəslə ötürülmüşdür. Yerli sakinlər ərəb, fars, rus və Azərbaycan dillərinin incəliklərinə vaqif olaraq klassik şərq fəlsəfəsini, Füzulinin, Nəsiminin panteist düşüncələrini dərindən mütaliə edirdilər. Lahıc mühiti Azərbaycan elmi və mədəni salnaməsinə yüzlərlə böyük alim, həkim, mühəndis, sarsılmaz əqidəli yazıçılar və fədakar pedaqoqlar bəxş etmişdir.
Bu köklü ziyalılıq irsi bu gün də hər bir Lahıc sakinin gündəlik davranışında, xalq dilinin zəncin və nəzakətli ifadələrində öz nəfəsini qoruyub saxlayır. Məhz bu dərin intellektual mühit, sənət etikası və təbiətin bəxş etdiyi daxili hüzur Lahıcda dünyanı heyran qoyan unikal bir daxili ictimai asayiş modelini formalaşdırmışdır. Bura əsrlərdir yazılmamış mənəvi qanunların, vicdan məhkəməsinin hökm sürdüyü müqəddəs bir icmadır. Qəsəbənin tarixində cinayətkarlıq, oğurluq, bədxahlıq və ya insan ləyaqətini alçaldan hər hansı bir asayiş pozuntusu demək olar ki, yaşanmamışdır.
Çünki bu dağ kəndində asayişi qoruyan rəsmi qanunlardan və inzibati qüvvələrdən daha kəsərli bir güc var idi: xalqın daxili təmizliyi, ağsaqqal mütəfəkkirliyi və ictimai qınaq hissi. Lahıcın özünəməxsus məhəllə sistemi sadəcə inzibati bölgü deyil, hər birinin öz mərkəzi, məscidi, meydanı olan və daxili nizamı tənzimləyən kiçik mənəviyyat ocağıdır.

İctimai asayiş insanların bir-birinin hüququna, əməyinə və şəxsiyyətinə bəslədiyi dərindən ehtiram üzərində ucalır. Qapıların kilidlənmədiyi, kilid əvəzinə insan etibarının qorunduğu, bircə vədin və sözün rəsmi sənədlərdən daha kəsərli olduğu bu mühit, Lahıcı hər zaman daxili sabitliyin, əmin-amanlığın və mənəvi təhlükəsizliyin sarsılmaz vahəsinə çevirmişdir.
Bu daxili sabitlik və əmin-amanlıq fəlsəfəsi, Lahıc mədəniyyətinin ülvi zirvəsi olan davamlı tolerantlıq və multikulturalizm mühitini qidalandırır. Əsrlər boyu qədim ipək yolunun mühüm ticarət və sənətkarlıq qovşaqlarından birində, dağ keçidlərinin kəsişməsində yerləşən bu qəsəbə, buraya pənah gətirən fərqli xalqların, dinlərin və mədəniyyətlərin nümayəndələrini öz doğmaları kimi bağrına basmışlar. Yerli əhali öz qədim mənşəyini və fərqli dilini böyük bir sevgi ilə qoruyub saxlamaqla bərabər, Azərbaycanın ümumi mədəni coğrafiyasına, tarixinə və dövlətçilik ruhuna tam inteqrasiya etmişdir.
Lahıclılar üçün insana yanaşmanın meyarı onun milli mənsubiyyəti və ya dini inancı deyil, qəlbinin təmizliyi, dürüstlüyü və cəmiyyətə verdiyi xeyirdir.
Qəsəbənin astanasından, o uca dağların qapısından içəri addım atan hər bir qonaq, səyyah və ya turist dərhal bu sehrli tolerant mühitin bir parçasına çevrilir, sanki illərdir burda yaşayırmış kimi hörmət görür. Sakinlərin yad insanlara qarşı göstərdiyi səmimi, ürəkdən gələn qonaqpərvərlik, fərqliliklərə dözümlülük və yüksək hörmət mədəniyyəti Lahıcı bəşəriyyət üçün multikultralizmin canlı, nəfəs alan bir abidəsinə çevrilmişdir.
Yekun olaraq vurğulamaq lazımdır ki, Lahıc sadəcə turistlərin axışdığı rəngarəng bir məkan və ya keçmişin tozlu səhifəsini qoruyan açıq səma altındakı cansız bir muzey deyil. Lahıc- mühəndislik dahilərinin yaratdığı şəhərsalma mədəniyyətinin, dərin elmi irsin, nümunəvi asayişin və möhkəm tolerantlığın təbiətin əbədi gözəlliyi ilə tək bir bədəndə ilahi vəhdət təşkil etdiyi canlı və nurani bir sivilizasiya fenomenidir. Keçmişin qədim nəfəsi ilə gələcəyin ümidlərinin qovuşduğu, dağların qoynundakı bu unikal məkan, qloballaşan və mənəvi aşınmaya uğrayan müasir dünyada öz köklərini, elmi dəyərlərini və daxili nizamını itirmədən necə ucaltmağın mümkün olduğunu sübut edən mükəmməl bir insanlıq manifestidir.
Lahıcın asayiş, elm və tolerantlıq fəlsəfəsi zamanın fövqündə dayanan və gələcək nəsillərin yoluna işıq salacaq ən böyük, ən toxunulmaz milli sərvətlərimizdən biridir. Girdiman çayının hər dalğasında, Niyal dağın hər qayasında bir sivilizasiyanın nəbzi vurur burada. Çəkiclərin ahəngi elmin nuruna qarışdıqca, Lahıc sadəcə keçmişi yaşatmır, həm də gələcəyin mənəvi memarlığını daşların üzərinə yazmağa davam edir. Bəlkə də elə buna görədir ki, bura addım atan hər kəs sonsuzluğun və dincliyin rəsmini məhz bu dağ kəndinin asudə sükutunda tapır.
Ağaməşədi ƏLİYEV
“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi
"Şərq" qəzeti, 5-12 iyun 2026-cı il
