Venesuelada güclü zəlzələ: 32 nəfər ölüb, 700-dən çox yaralı var
Venesuelada baş verən güclü zəlzələ nəticəsində azı 32 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.
Xpress.az xəbər verir ki, bu barədə ölkə rəhbərliyinin nümayəndəsi Delsi Rodriges məlumat verib. Onun sözlərinə görə, yeraltı təkanlar nəticəsində bir sıra yaşayış və inzibati binalar dağılıb, çoxsaylı tikililər zədələnib.
Hadisə ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan olunub. Yerli hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ qeydə alınıb. Təkanların episentri Moron şəhərindən 16 kilometr, San Felipe şəhərindən isə 24 kilometr məsafədə yerləşib.
Mütəxəssislər dağıntıların miqyasının daha da arta biləcəyini istisna etmirlər. Amerikalı geoloqlar ölənlərin sayının xeyli yüksəlməsi riskinin olduğunu bildirirlər. İlkin qiymətləndirmələrə əsasən, iqtisadi zərər ölkənin ümumi daxili məhsulunun 2 faizindən 20 faizinə qədər ola bilər.
Reuters agentliyinin məlumatına görə, zəlzələ nəticəsində nəqliyyat və enerji infrastrukturu da zərər görüb. Paytaxt Karakasdakı beynəlxalq hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
ABŞ Geoloji Xidməti bölgə üçün sunami təhlükəsi barədə də xəbərdarlıq yayıb. Hazırda sahilyanı ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Bu arada, Rusiyanın Venesueladakı səfirliyi ölkədə yaşayan və ya səfərdə olan Rusiya vətəndaşlarını sakit olmağa, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etməyə çağırıb.