Tarixin sükutunda qalan abidə: ŞAHBULAQ QALASI - FOTO
Qarabağ xanlığını digər Azərbaycan xanlıqlarından fərqləndirən ən vacib xüsusiyyətlərdən biri o idi ki, xanlıq elan edilən zaman onun ərazisində siyasi və inzibati mərkəz, paytaxt funksiyası rolunu oynayacaq şəhər yox idi. Buna görə də Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən 1748-ci ildə Bayat adlı ərazidə paytaxt-şəhər funksiyasını daşıyacaq yaşayış məntəqəsinin - Bayat qala-şəhərinin əsası qoyuldu. Lakin Bayat qalasının hərbi-strateji cəhətdən zəif coğrafi mövqeyə malik olmasına görə tezliklə digər bir paytaxt şəhəri salınması qərarı verildi.
Beləliklə, 1751–1752-ci illərdə Beşikdağ dağının ətəyində, Şahbulaq adlı bulağın yanında, Tərneft (Tərnəgüt) kəndinin yaxınlığında Şahbulaq şəhər yerinin əsası qoyuldu. Burada qala divarları, hamam, məscid, bazar yeri, yaşayış evləri, həmçinin xan ailəsi üçün nəzərdə tutulmuş, bir növ daxili içqala formasında qəsr-iqamətgah (hazırkı Şahbulaq qalası) inşaatına başlanıldı. Əlverişli strateji və təbii-coğrafi mövqedə yerləşən Şahbulaq həm müdafiə istehkamı, həm də Qarabağın ən böyük yaşayış məntəqəsi olacağı nəzərə alınaraq salınmışdı.

Şahbulaq qala-şəhərinin əsası qoyulduqdan bir müddət sonra Qarabağ xanı ona qarşı qonşu dövlətlərin ciddi təhdidlərinə görə daha dağlıq və keçilməz bir bölgədə şəhər salmaq qərarına gəldi. Paytaxtın 1752-ci ildə indiki Şuşaya köçürülməsi qərarı verildi. Beləliklə, Şahbulaqda şəhərsalma və tikinti prosesləri tam şəkildə tamamlanmadı. Nəticə etibarilə bu ərazi böyük yaşayış məntəqəsinə çevrilmədi. Buna baxmayaraq, Şahbulaq qalası Bayat qalasından sonra Qarabağ xanlığının müdafiə sisteminin təkmilləşdirilməsində mühüm mərhələ oldu.
Şahbulaq qalası sonradan inşa edilən Şuşa qalasının və şəhərinin formalaşmasına zəmin yaratdı. Bu baxımdan, bir sıra tədqiqatçılar Şahbulağı Şuşanın memarlıq və hərbi-strateji prototipi kimi qiymətləndirirlər. Məhz Şahbulaq ərazisində sınaqdan çıxarılmış şəhərsalma ənənəsi Şuşada daha da inkişaf etdirilərək ən yüksək səviyyəyə gəlib çıxdı. Bunun bariz nümunəsi Şahbulaq məscidinin seyvan hissəsinin sütunları və taxvari giriş hissəsinin Şuşadakı məscidlərdə təkrarlanması, həmçinin tarixi Şahbulaq qəsr-iqamətgahın ümumi memarlıq-planlaşdırma həllinin Şuşada olan Qaraböyük xanım sarayında öz əksini tapmasıdır.

Şahbulaq ərazisində püxtələşmiş memarlar öz tikinti texnologiyasını Şuşaya daşımış, çiy kərpicdən tikilmiş Bayat qalasından sonra cilalanmış qaya daşından hörgü texnologiyası uğurla tətbiq edilmişdir. Şahbulaq qalasının yaxınlığında Qarabağın məşhur daş karxanası yerləşir. Buradan çıxan əhəng tərkibli parlaq ağ rəngli daş ətraf ərazilərdə yüz illər ərzində əsas istifadə edilən tikinti materialı olmuşdur.
Şahbulağın yaxınlığında yerləşən bulaq tarixən bu əraziyə xüsusi gözəllik və həyat bəxş etmiş, burada özünəməxsus təbii ekosistemin formalaşmasına şərait yaratmışdır. “Kavkaz” qəzetinin 1847-ci il nömrəli buraxılışına əsasən, Şahbulaq ətrafında sıx palıd meşəsi mövcud olmuşdur. Burada suyu bol olan bulağın olması şəhər yerinin seçilməsində çox güman ki, vacib amil olmuşdur.

Şahbulaq ərazisi arxeoloji cəhətdən də Qarabağın ən zəngin bölgələrindən biridir. Burada antik dövr yaşayış yeri, orta əsrlərə aid şəhər qalıqlarının izləri, dini və təsərrüfat təyinatlı tikililərin izləri müşahidə olunur. Məhz bu arxeoloji irs işğal dövründə qanunsuz elmi tədqiqatlara cəlb edilmiş, onun üzərində uydurma tarixi izahlarla bəzədilmiş muzey kompleksi yaradılmışdı. Şahbulaq qalasının tarixi irsi hazırda Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən dərindən və yenidən tədqiq edilir.
XVIII və XIX əsrlərdə Şahbulaq qalası hərbi məqsədlərlə istifadə edilmişdir. Rus-İran müharibəsində bu qalada və ətrafında şiddətli döyüşlər getmiş, kiçik bir rus qarnizonu uzun müddət ərzində qacarlar tərəfindən mühasirədə saxlanılmışdır. Daha sonra bu ərazidə gözətçi məntəqəsi, karvansara və poçt stansiyası fəaliyyət göstərmişdir. XX əsrdə isə qala əsasən təsərrüfat və istirahət məqsədləri üçün istifadə edilmiş, müəyyən dövrlərdə isə iaşə obyekti kimi fəaliyyət göstərmişdir. Təəssüf ki, bu dövrdə onun tarixi və mədəni əhəmiyyətinə lazımi diqqət yetirilməmiş, onun tarixi dəyərlərinə xələl gətirən əlavələr edilmişdir. Ermənistan işğalı dövründə isə qala və ətraf ərazilərində süni abadlaşdırma işləri görülmüş, qalanın ümumi görünüşünə xələl gətirən dəyişikliklər edilmişdir.

Şahbulaq qalasının bərpası və onun ətrafının abadlaşdırılması, həmçinin qalanın tarixi və mədəni irsinin dərindən öyrənilməsi Azərbaycanın son orta əsr şəhərsalma mədəniyyəti, orta əsr Qarabağ memarlığı tarixinin və Qarabağ xanlığı tarixinin başa düşülməsi üçün çox vacibdir. Ağdam rayonunda yerləşən İmarət kompleksi, Xocalı rayonunda yerləşən Əsgəran qalası ilə birlikdə Şahbulaq qalası Qarabağ xanlığı tarixinin bölgədə olan yadigar abidələridir. Bu baxımdan, Şahbulaq qalasının tarixi-mədəni irsini bütün bu abidələrin, həmçinin Qarabağ xanlığı tarixinə aid digər tarix və mədəni irs nümunələrinin ümumi siyasi-tarixi kontekstində nəzərə almaq lazımdır.
QEYD: Məqalə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində hazırlanıb.
Fidan CƏLİL
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Mədəni irsin qorunması və inkişafı şöbəsinin Mədəni irsin qorunması sektorunun böyük mütəxəssisi
