Dünyanın sonu yaxınlaşır? - İlahiyyatçı yayılan iddiaları şərh etdi
İlahiyyat üzrə mütəxəssis Əyyub (Çernışev) bildirib ki, pravoslav xristianlar dünyanın sonu ilə bağlı yayılan xəbərlərdən narahat olmamalıdırlar. Onun sözlərinə görə, xristian inancına əsasən, Apokalipsis möminlər üçün İsa Məsihlə ikinci görüşün başlanğıcıdır.
Xpress.az xəbər verir ki, Lenta.ru-ya danışan ilahiyyatçı son günlər Fərat çayının sürətlə quruması ilə əlaqədar yayılan və bunun Armageddon peyğəmbərliyinin yerinə yetməsi kimi təqdim edilməsi barədə iddialara münasibət bildirib.
Əyyubun sözlərinə görə, Fərat çayının quruması dünyanın sonunun yaxınlaşdığını göstərən qəti əlamət hesab edilə bilməz. O vurğulayıb ki, Müqəddəs Kitabda adı çəkilən Fəratın mütləq bu gün İraq ərazisindən axan çay kimi başa düşülməsi doğru deyil. Bəzi bibliya təfsirlərinə görə, burada söhbət simvolik məna daşıyan obrazdan gedir.
İlahiyyatçı qeyd edib ki, Vəhy kitabında yer alan hadisələri hərfi mənada şərh etmək düzgün yanaşma deyil. Onun fikrincə, bu kitab dərin alleqoriyalar və simvollarla zəngindir və əsrlər boyu xristian ilahiyyatında ən çətin izah olunan mətnlərdən biri hesab edilib.
Əyyub xatırladıb ki, ilk dövrlərdə kilsə Vəhy kitabını Müqəddəs Kitabın kanonuna daxil etməkdə tərəddüd edib. Səbəb isə mətnin mürəkkəb dili, çoxsaylı simvolları və müxtəlif yozumlara açıq olması idi.
"Bu kitabı başa düşmək üçün Müqəddəs Yazıların dilini və erkən xristianlığın liturgik ənənələrini yaxşı bilmək lazımdır. Onun bütün məzmununu hərfi mənada qəbul etmək olmaz", – deyə ilahiyyatçı bildirib.
Əyyub əlavə edib ki, Apokalipsis barədə müxtəlif şərhlər mövcuddur, lakin onların heç biri tam və mübahisəsiz həqiqət kimi qəbul edilə bilməz.
O, həmçinin vurğulayıb ki, dünyanın sonu haqqında düşünmək möminlər üçün mənəvi baxımdan faydalı ola bilər. Belə müzakirələr insanın öz həyatına və əməllərinə daha məsuliyyətlə yanaşmasına kömək edir, lakin bu mövzu qorxu və təşviş yaratmaq üçün istifadə edilməməlidir.