Alimlərdən sensasiyalı kəşf: Şəkər artıq kosmosda da aşkarlanıb
Astrofiziklər ilk dəfə ulduzlararası fəzada şəkər molekulu aşkar ediblər. Söhbət moruqda da rast gəlinən eritruloza adlı şəkərdən gedir. Bu maddə Süd Yolunun mərkəzinə yaxın yerləşən qaz buludunda müəyyən edilib.
RİA Novosti-nin məlumatına görə, bu, Günəş Sistemindən kənarda şəkər molekulunun ilk birbaşa aşkarlanması hesab olunur. Bundan əvvəl riboza və qlükoza yalnız meteoritlərdə və Bennu asteroidindən götürülmüş nümunələrdə aşkar edilmişdi.
Alimlərin sözlərinə görə, aşkar edilən eritruloza həyat üçün zəruri molekul olmasa da, Yer kürəsində həyatın yaranmasında mühüm rol oynamış ola biləcək daha mürəkkəb üzvi birləşmələrin formalaşmasına töhfə verə biləcək maddələrdən biridir.