Basarkeçər rabitə qovşağının ABONENTLƏRİ: TARİXİ KİTABÇA – FOTO
Tarixi yurd yerimiz Qərbi Azərbaycanın hər bir yaşayış məntəqəsində, maddi-mədəniyyət abidəsində, daşında, qayasında xalqımızın tarixi izlərinə rast gəlmək mümkündür. Düzdür, zaman-zaman ermənilər bu izləri hər vasitə ilə silməyə, saxtakarlıq edərək özününküləşdirmə siyasəti həyata keçirməyə, yaşayış məntəqələrinin adlarını dəyişdirməyə, o yerlərin əzəli sakinlərinin Azərbaycan türkləri olduğunu danmağa çalışıblar. Lakin bəzən fakt qarşısında qalıb çap etdikləri kitablarla, tərtib etdikləri sənədlərlə siyasi riyakarlıqlarını ortaya qoyub, özləri-öz yalanlarını ifşa ediblər. Bütün saxtakarlıqlara rəğmən, həqiqət gün işığına çıxmağı bacarıb. Haqqında bəhs edəcəyimiz kitabça da erməni yalanlarını ifşa edən növbəti çap məhsulu, mühüm sənəd sayıla bilər.
Belə ki, 1986-cı ildə Ermənistan SSR-in Rabitə Nazirliyi tərəfindən çap edilmiş “Telefon kataloqu”nda Göyçə mahalının Basarkeçər rayonunun yaşayış məntəqələrində bütün qurumların, həmçinin sakinlərə məxsus ev telefonlarının siyahısı yer alıb. Diqqət çəkən məqam budur ki, sonradan Vardenis adlandırılan Basarkeçər rayonunun mərkəzində və ona yaxın kəndlərdə telefon sahibləri əsasən ermənilərdir. Bunu telefon nömrə sahibinin ad-soyadından aydın görmək olur.
Rabitə məlumat kitabçasını vərəqlədikcə məlum olur ki, Karçaxpur (tarixi adı Gödəkbulaq), Çovak (Aşağı Zağalı), Sovetakert (Çaxırlı - Qızılbulaq), Norakert (Kiçik Məzrə ərazisi), Makenis (Qızılvəng), Akunk (Qırxbulaq) yaşayış məntəqələrində telefon sahiblərinin hamısı ermənilərdir. Mets Mazra (Quluağalı – Böyük Məzrə) kəndində həm ermənilər, həm də azərbaycanlılar telefon sahibidir. Sovetkənd (Qaraiman), Pokr Mazra (Kiçik Məzrə), Şişqaya, Bahar (Kəsəmən), Zod, Əzizli (tarixi adı Böyük Qaraqoyunlu, hazırda Norabak), Nərimanlı (tarixi adı Hüseynquluağalı, hazırda Şatvan) kəndlərində isə ev telefonu sahiblərinin hamısı azərbaycanlılardır.
Bu faktın özü yaşayış məntəqələrindəki etnik mənzərəni göz önündə canlandırır. 1905-1907, 1918-1920, 1937-1940, 1948-1953-cü illərin soyqırımı, repressiya və deportasiyaları Qərbi Azərbaycanın yaşayış məntəqələrində, o cümlədən Gödəkbulaq, Aşağı Zağalı, Çaxırlı - Qızılbulaq, Kiçik Məzrə ərazisi, Qızılvəng, Qırxbulaq kəndlərində həmyerlilərimizin daha çox çıxarılmasına səbəb olub. Sonradan həmin yaşayış məntəqəsindəki evlərə xarici ölkələrdən köçürülən ermənilər məskunlaşdırılıblar. Halbuki soyqırımı və deportasiyalara qədər olan müddətdə həmin kəndlərdə ümumiyyətlə ermənilər yaşamayıblar.
Quluağalı – Böyük Məzrə kəndində də bu məskunlaşdırma siyasəti qismən həyata keçirilib. Qaraiman, Kiçik Məzrə, Şişqaya, Kəsəmən, Zod, Böyük Qaraqoyunlu, Hüseynquluağalı kəndlərinə ermənilər 1987-ci ilə qədər müdaxilə edə bilməyiblər. Təəssüf ki, 1987-1988-ci illərdə həmyerlilərimiz etnik mənsubiyyətinə görə Qərbi Azərbaycandan, o cümlədən adları qeyd edilən kəndlərdən tamamilə deportasiya olunublar.
Ərturan İSMAYIL


































