"Yeni Çağ” 19 YAŞINDA
Bu gün “Yeni Çağ” xəbər portalının fəaliyyətə başlamasından 19 il ötür.
Təməli 2006-cı ildə eyniadlı qəzetin nəşri ilə qoyulan media qurumunun internet versiyası 5 sentyabr 2007-ci ildə oxucuların ixtiyarına verilib. Bununla da “Yeni Çağ” Azərbaycanın ilk rəqəmsal xəbər portallarından və onlayn media öncüllərindən birinə çevrilib.
2014-cü ildən fəaliyyətini genişləndirən qurum “Yeni Çağ” Media Qrupu kimi Azərbaycan, türk və rus dillərində yayıma başlayıb. Media Qrupunun tərkibində fəaliyyət göstərən “Yeni Çağ TV” vasitəsilə mütəmadi olaraq müsahibələr, reportajlar, studiya proqramları və xüsusi video layihələr hazırlanır.
Ölkənin ictimai-siyasi gündəmini yaxından izləyən portal Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və dövlət rəhbərliyinin fəaliyyətini operativ şəkildə işıqlandırır, mühüm siyasi prosesləri analitik materiallarla oxuculara təqdim edir.
Beynəlxalq əlaqələr və rəqəmsal iştirak
Media Qrupunun fəaliyyət coğrafiyası Azərbaycan sərhədlərini aşaraq beynəlxalq müstəviyə çıxıb. Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Pakistan, Almaniya, Belçika və Rumıniya kimi ölkələrin media qurumları ilə ikitərəfli əməkdaşlıq və informasiya mübadiləsi həyata keçirilir. Media Qrupunun rəhbəri Aqil Ələsgərin Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini kimi fəaliyyəti də bu əlaqələrin inkişafına töhfə verir.
Bütün əsas sosial platformalarda @yenicagmedia adı altında aktiv olan Media Qrupu xəbər və video kontentini geniş auditoriyaya çatdırır.
5 sentyabr 2007-ci ildə rəqəmsal yola başlayan “Yeni Çağ” bu gün üç dildə yayımlanan, internet televiziyasına və geniş beynəlxalq əməkdaşlıq şəbəkəsinə malik media resursu kimi fəaliyyətini davam etdirir.
Xpress.az saytı həmkarlarımızı təbrik edir, onlara bol oxucu və reytinq arzulayır.