Oscar namizədi aktyor tanımadığı bir şəxsə böyrəyini bağışlayacaq
Oscar mükafatına namizəd aktyor Cessi Ayzenberq (Jesse Eisenberg) yaxın həftələrdə çox mənalı bir addım atmağa hazırlaşır. Hollivud ulduzu tanımadığı bir insana könüllü şəkildə böyrəyini bağışlayacağını açıqlayıb.
Xpress.az xəbər verir ki, Ayzenberq bu barədə ötən həftə NBC-nin “Today” proqramına verdiyi müsahibəsində danışıb:
“6 həftə ərzində böyrəyimi bağışlayacağam. Bunu həqiqətən edirəm.”
Aktor qərarının səbəbini belə izah edib:
“Dəqiq niyə etdiyimi bilmirəm. Qan verməyə başladıqdan sonra bu işə çox motivasiya oldum. Dekabrın ortalarında tamamilə könüllü bir şəkildə bağış edəcəyəm. Çox həyəcanlıyam.”
“Sosial Şəbəkə” (“The Social Network”) filmi ilə Oscar namizədi olan Ayzenberq, Today.com saytına müsahibəsində böyrək bağışının “demək olar ki, risksiz və son dərəcə vacib” olduğunu vurğulayıb:
“İnsanlar bunun nə qədər məntiqli bir addım olduğunu anlayacaqlar. Vaxtınız və istəyiniz varsa, bu, mütləq edilməli olan bir şeydir.”
42 yaşlı aktyor bildirib ki, bu fikri təxminən 10 il əvvəl ağlına gəlib, lakin prosesi həyata keçirmək müəyyən vaxt aparıb. Əməliyyatın dekabrın ortalarında baş tutması planlaşdırılır.
Ayzenberq böyrək bağışlama prosesinin necə işləndiyini də izah edib:
“Məsələn, Kansas Sitidə kimsə böyrək transplantasiyasına ehtiyac duyur, lakin yaxınlarının orqanı uyğun gəlmir. Əgər mənim böyrəyim həmin şəxsə uyğundursa, ona verilir. O şəxsin yaxınları da başqa bir xəstəyə uyğun gələrsə, öz böyrəyini ona bağışlayır. Beləcə zəncirvari sistem yaranır. Amma bu prosesin başlaması üçün ilk olaraq tamamilə könüllü bir donorun olması vacibdir.”
ABŞ-da hazırda ciddi orqan donorluğu çatışmazlığı mövcuddur. Səhiyyə Resursları və Xidmətləri İdarəsinin (HRSA) məlumatına görə, 2024-cü ilin sentyabr ayına qədər təxminən 90 min nəfər böyrək nəqli üçün növbədə gözləyir.
Aktor həmçinin böyrəyini bağışlayan insanların “bəlkə gələcəkdə ailə üzvlərimdən kiməsə böyrək lazım olar” kimi narahatlığa düşməməli olduğunu deyib:
“Artıq sistem belə işləyir: Milli Böyrək Qeydiyyatı Proqramının ailə kuponu sistemi sayəsində, gələcəkdə ehtiyac yaranarsa, kimlərin prioritet siyahıya salınacağını əvvəlcədən müəyyən edə bilirsiniz.”
Ayzenberq bir neçə aydır ki, müntəzəm şəkildə qan donorluğu da edir.
Bu il aktyor ssenarisini yazıb rejissoru olduğu “Həqiqi Ağrı” (“A Real Pain”) filmi ilə “Ən Yaxşı Orijinal Ssenari” nominasiyasında Oscar-a namizəd olub. O, həmçinin 12 noyabrda nümayişə girəcək “Sehrbazlar Çətəsi 3: Daha Bir Şey Görmədiniz” (“Now You See Me: Now You Don’t”) filmində də rol alır.
