Səudiyyə Ərəbistanı nəhəng göydələnlər toplusundan ibarət meqalayihə elan edib
Naked-science.ru xəbər verir ki,Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud Məkkədə “Kral Salman Qapısı” (King Salman Gate) adlanan yeni genişmiqyaslı şəhərsalma layihəsinin həyata keçirilməsinə başlandığını elan edib.
“Kral Salman Qapısı” layihəsi təxminən 12 milyon kvadratmetr ərazini əhatə edəcək və Müqəddəs Məscidə yaxın bir mövqedə yerləşəcək. Layihənin məqsədi şəhərin infrastrukturunu inkişaf etdirmək, ziyarətgahla nəqliyyat əlaqəsini yaxşılaşdırmaq və həm zəvvarlara, həm də şəhər sakinlərinə göstərilən xidmətlərin keyfiyyətini artırmaqdır.
Kompleks yaşayış, mehmanxana, ticarət və mədəniyyət zonalarını birləşdirəcək, sakinlər, zəvvarlar və turistlər üçün müxtəlif imkanlar təqdim edəcək. Onun ərazisində eyni anda həm qapalı, həm də açıq məkanlarda təxminən 900 min nəfər ibadət edə biləcək.
“Kral Salman Qapısı” layihəsi yerli iqtisadiyyatın inkişafı üçün güclü stimul olacaq: proqnozlara görə, 2036-cı ilə qədər layihə 300 mindən çox yeni iş yeri yaradacaq və Səudiyyə Ərəbistanının iqtisadiyyatın şaxələndirilməsi və davamlı inkişafını hədəfləyən Vision 2030 milli strategiyasına töhfə verəcək.
Layihənin başlanması Məkkənin müasir, dinamik inkişaf edən, eyni zamanda mənəvi və mədəni kimliyini qoruyub saxlayan qlobal səviyyəli şəhərə çevrilməsi yolunda növbəti addımı ifadə edir.
Bu layihə zəvvar axınının artmasına dəstək göstərmək, yeni iş yerləri yaratmaq və Məkkəni ənənə ilə tərəqqinin harmoniyasının simvoluna çevirmək məqsədi daşıyır.