“TəhsildəSƏN 5” Forumu: Təhsildə Dəyərlər və İnkişaf üçün Birləşən Platforma
12 oktyabr tarixində ölkəmizdə ildə iki dəfə təşkil olunan və bütün təhsil sektorunu əhatə edən “TəhsildəSƏN 5” adlı forum keçirilib. Artıq beşinci dəfə baş tutan forumda həm dövlət, həm də özəl sektordan olan 15 spiker öz təcrübələrini və yanaşmalarını təxminən 250 iştirakçı ilə bölüşüblər.
Tədbirin açılış nitqini Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov edərək forumun əhəmiyyətini və təşkilatçılığın peşəkarlığını vurğulayıb. Daha sonra Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, Dövlət Məşğulluq Agentliyinin Peşə Hazırlığı Departamentinin Peşə Hazırlığının Təşkili şöbəsinin müdiri Fərid Həsənov, eləcə də Tələbə Təhsil Kredit Fondunun mütəxəssisi Aygün Məmmədzadə çıxış edərək forumun devizi olan “Təhsildə dəyərlər” mövzusu ətrafında fikir mübadiləsi aparıblar və təmsil etdikləri qurumların təhsildə dəyər yaratmaq istiqamətində gördükləri işlər barədə məlumat veriblər.
Forum iki hissədən ibarət olub və əsas məqsədi iştirakçılar arasında sərbəst ünsiyyətin qurulması, yeni əlaqələrin formalaşdırılması və təcrübə mübadiləsinin təşviqi olub. Peşə təhsili, beynəlxalq imtahanlar, ixtisas seçimi, məktəbəqədər və ibtidai təhsil, xaricdə təhsil, xarici dil biliyi, inklüziv təhsil, emosional zəka və digər aktual mövzular spikerlər tərəfindən müzakirə edilib. Forumun sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
“World” Karyera və Peşə Mərkəzi tərəfindən təşkil olunan bu forum çərçivəsində indiyədək 2200-dən çox iştirakçı, 150-dən artıq təhsil şirkəti və 90-dan çox spiker bir araya gəlib. Forumun əsas məqsədi təhsilin və maariflənmənin əhəmiyyətini vurğulamaq, təhsil şirkətlərini peşəkar şəkildə tanıtmaq, dövlət və özəl sektorlar arasında əməkdaşlığı genişləndirmək, həmçinin təhsil sektorunun inkişafına töhfə verməkdir.