2026-cı ildə pensiyalar nə qədər artacaq?- EKSPERT AÇIQLADI
Pensiya məsələlərini müzakirə etməzdən əvvəl sistemin əsas iş prinsipini anlamaq vacibdir: ölkədə işləyənlərdən toplanan sosial sığorta və digər ödənişlər həmin dövrdə pensiya alanlara yönəldilir. Yəni, hər il yığılmış məbləğ, elə həmin il xərclənir.
Əsas problem isə ondan ibarətdir ki, yığılan vəsait ödənilməli pensiya məbləğindən azdır. Daha da narahatedici məqam odur ki, bu fərq ildən-ilə böyüyür.
Məsələn, ötən il pensiya ödənişləri üçün 1,2 milyard manat çatışmamışdı və bu kəsir dövlət büdcəsindən transferlə bağlanmışdı. 2025-ci il üçün isə bu kəsirin artıq 1,6 milyard manata çatacağı gözlənilir. Belə ki, həmin il fondun gəlirlərinin 6 milyard manat, öhdəliklərinin isə 7,6 milyard manat olacağı proqnozlaşdırılır. Bu isə problemi daha da dərinləşdirir.
Üstəlik, Dövlət Sosial Müdafiə Fondunun illərdir yığılıb qalmış, milyardlarla ölçülən debitor borcları da bu yükə əlavə olunur.
Ən diqqətçəkən məqam odur ki, 2026-cı il üzrə dövlət büdcəsinin artım tempi cəmi 0,3 faiz səviyyəsində proqnozlaşdırılıb. Yəni büdcə demək olar ki, yerində sayır, amma pensiya xərcləri sürətlə artır. Bu, yaxın gələcəkdə büdcə vəsaiti hesabına bu artımı kompensasiya etməyi daha da çətinləşdirəcək.
Mövcud durumu dəyişmək üçün 3 yol var. Mövcud fərqin bağlanması üçün əsasən üç yol mövcuddur:
1. Müvəqqəti maliyyə transferləri
Dövlət ehtiyat mənbələrindən, xüsusilə Neft Fondundan vəsait ayrılması ilə pensiya sistemindəki kəsir müəyyən müddət üçün bağlana bilər. Amma bu, dayanıqlı həll yolu deyil. Çünki Neft Fondu ölkənin strateji valyuta ehtiyatıdır və bu vəsaitlərin nəzarətsiz xərclənməsi uzunmüddətli risklər yarada bilər. Dünyada heç bir ölkə bu modeli uzun müddət davam etdirə bilməz.
2. Gəlirlərin və şəffaflığın artırılması
Ən optimal yol budur. Bu, çətin, amma uzunmüddətli və davamlı həll yoludur. Əgər iqtisadiyyat genişlənərsə və əməkhaqları yüksələrsə, sosial sığorta ödənişləri də paralel şəkildə artar. Məsələn, hazırda 1000 manat maaş alan şəxs üçün təxminən 250 manat sosial sığorta yığılır. Əgər maaş 3000 manata qalxsa, bu rəqəm 750 manata qədər yüksələcək. Beləliklə, fondun gəlirləri 6 milyarddan 17-18 milyarda qədər arta bilər. Bu da həm pensiya artımlarını təmin etməyə, həm də pensiya yaşını sabit saxlamağa imkan verərdi.
Bundan əlavə, dünyasını dəyişmiş şəxslərin pensiya kapitalının ailələrinə ötürülməsi də bu şəraitdə daha real və mümkün olardı.
3. Pensiya yaşının artırılması
Bu yanaşma isə nə iqtisadiyyatı böyüdür, nə də gəlirləri artırır. Sadəcə olaraq, pensiya yaşının yüksəldilməsi ilə sistemin maliyyə yükü azaldılır və risklər qismən idarəolunan hala gətirilir. Bu yol qısamüddətli sabitlik verə bilər, lakin struktur problemləri həll etmir.
Pensiya sistemi sosial məsələ olmaqla yanaşı, ciddi iqtisadi və maliyyə yanaşma tələb edən mexanizmdir. Bu sahədə emosional deyil, məntiqə əsaslanan qərarlar verilməlidir. Əgər bu gün iqtisadi baza genişləndirilməzsə, sabah yaranacaq fərqi bağlamaq daha da çətin olacaq. Dövlət büdcəsinin bu yükü daimi şəkildə daşıması isə real görünmür.
Hazırda atılacaq addımlar gələcək nəsillərin pensiya təminatını da müəyyən edəcək. Ona görə də bu mövzuya səthi və ya populist yanaşmaq əvəzinə, struktur və strateji baxışla yanaşmaq daha vacibdir.
Eldəniz Əmirov
İqtisadçı-ekspert