Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Şahanə Müşfiqin daha bir şəhidimizə həsr olunmuş k...
Şahanə Müşfiqin daha bir şəhidimizə həsr olunmuş kitabı təqdim olunub
Mədəniyyət

Şahanə Müşfiqin daha bir şəhidimizə həsr olunmuş kitabı təqdim olunub

Xpress.az Redaksiyası 07.11.2025 14:47

Noyabrın 5-də Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, DGTYB-nin sədr müavini, Prezident təqaüdçüsü, yazıçı, publisist Şahanə Müşfiqin Vətən müharibəsi şəhidimiz mayor Natiq İsmayılovun xatirəsinə həsr etdiyi “Əzəli, əbədi Azərbaycanam!” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə şəhid Natiq İsmayılovun ailə üzvləri, yaxınları, kursant və zabit yoldaşları, eləcə də şəhid ailələri, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər.


Tanınmış jurnalist Orxan Məmmədovun aparıcılığı ilə baş tutan tədbir Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Qeyd edilib ki, 2020-ci ilin 27 sentyabrı ölkəmizin tarixində silinməz iz qoyan, bizə şanlı qələbəni yaşadan Vətən müharibəmizin başlanğıcı oldu. Həmin gün xalqımız haqq savaşına çıxdı və 44 günün sonunda 30 illik torpaq həsrətimiz, Qarabağ dərdimiz sona yetdi. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin öndərliyi, rəşadətli ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində bu gün Azərbaycan suverendir. Bu qələbədə ən böyük pay sahibi isə mayor Natiq İsmayılovun timsalında 3 mindən çox şəhidimizdir. O şəhidlər ki, adları əbədi olaraq Vətən tarixinə, xatirələri xalqımızın qəlbinə yazıldı. Təqdimatına yığıldığımız bu kitab təkcə bir şəhid ömrünü deyil, eləcə də bizim haqq savaşımızı mövzu alıb. Bu kitabda qəhrəman şəhidimizin ailə üzvlərinin, uşaqlıq dostlarının, kursant yoldaşlarının, 25 illik xidmət dövründə onunla çiyin-çiyinə xidmət keçmiş hərbçilərimizin və nəhayət, 44 günlük Vətən savaşında onunla son ana qədər birlikdə düşmənə qan udduran zabitlərimizin xatirələri toplanıb.


Vətən Müharibəsi Qəhrəmanı, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, polkovnik Anar Mirzəyev çıxışı zamanı Vətən müharibəsinin Azərbaycan və eləcə də bütün türk dünyası üçün tarixi əhəmiyyətindən danışıb, bu qələbənin Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyətli siyasəti, ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanıldığını vurğulayıb:
“İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini özündə əks etdirən tarixi bir hadisə idi. Bu müharibə xalqımızın, dövlətimizin həqiqətən necə vətənpərvər və milli ruhda olduğunun əyani sübutu idi. Çünki döyüşlərdə iştirak edən, bütün bu hadisələrin canlı şahidi olan bir şəxs kimi azərbaycanlı oğul və qızlarımızın ürəklərinin necə vətənlə bir döyündüyünü bir daha gördüm”.


Şəhid Natiq İsmayılovla uzun illər bigə xidmət etdiyini deyən polkovnik A.Mirzəyev onu məsuliyyətli, peşəkar, vətənini, millətini ürəkdən sevən qorxusuz bir hərbçi kimi dəyərləndirib: “Natiq yaşına, tutduğu vəzifəyə baxmayaraq, bəlkə də bu xidmət dövründə rastlaşdığım ən ədəbli, ən ərkanlı, ən məsuliyyətli zabitlərdən biri olub.
Natiq o qədər məsuliyyətli zabit idi ki, gözləmirdi onun üzərinə düşən tapşırığı kimsə ona xatırlatsın. Öz işini bitirməyincə, ona verilən tapşırığı ən son ana qədər yerinə yetirməmiş o işdən əl çəkməzdi. Onun üçün vaxt anlayışı yox idi. O, öz işini bitirməyincə xidməti yerini tərk etməzdi.


Biz Natiqlə birgə xidməti dövrümüzdə bir taborun sıfırdan yaradılmasında birgə iştirak etmişik. Həmin taborun yaradılmasında Natiqin çox böyük zəhməti vardı. Natiqin, mənim və digər hərbçi yoldaşlarımızın zəhməti nəticəsində sıfırdan yaratdığımız həmin tabor illik döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilməsinə görə Silahlı Qüvvələr birincisi oldu. Biz Natiqlə həmin taborda çiyin-çiyinə bütün tapşırıqların öhdəsindən gəlmişik. Allah Natiq qardaşım başda olmaqla, bütün şəhidlərimizə rəhmət eləsin!”
Tədbirdə mayor Natiq İsmayılovun ömür yoluna həsr olunmuş video-çarx nümayiş olunub.


Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair İntiqam Yaşar çıxışında Vətən müharibəsinin ədəbiyyatımıza, mətbuatımıza da təsirsiz ötüşmədiyini deyərək, yazıçı, jurnalist Şahanə Müşfiqin beş ildir ki, bu istiqamətdə yorulmaz fəaliyyət göstərdiyini vurğulayıb. Müəllifin Vətən müharibəsinə həsr olunmuş 4-cü kitabının təqdim olunduğunu bildirən İ.Yaşar DGTYB olaraq hər zaman bu cür tədbirlərə dəstək verməyə hazır olduqlarını dilə gətirib.
N.İsmayılovun xidmət yoldaşları- polkovnik-leytenant Maarif Süleymanov, baş çavuş Mahir Qasımov öz çıxışlarında qəhrəman şəhidlə bağlı xatirələrini bölüşüb, onu həm bir peşəkar hərbçi, həm vətənə bağlı bir insan, həm də sədaqətli dost kimi dəyərləndiriblər.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Aprel döyüşləri şəhidi, “Murov qartalı” adı ilə tanınan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə çıxışında şəhidlərimizin hər zaman yad edilməsinin mənəvi borcumuz olduğunu deyib, gəncləri qəhrəman şəhid və qazilərimizdən örnək olaraq Azərbaycanımızın suverenliyini əbədi qorumağa çağırıb.


“Əzəli, əbədi Azərbaycanam!” kitabının müəllifi, yazıçı, publisist Şahanə Müşfiq çıxış edərək Vətən müharibəsi davam edən günlərdən bu günə kimi- beş il ərzində yaradıcılığının ciddi hissəsini məhz şəhidlərimizin, qazilərimizin, Vətən müharibəsi qəhrəmanlarımızın xalqa tanıdılmasına həsr etdiyini, bunu özünün mənəvi borcu olduğunu deyib. Şəhid Natiq İsmayılova həsr olunmuş kitabın yaranma prosesindən danışan müəllif kitabda və təqdimat mərasimində zəhməti keçən hər kəsə öz təşəkkürünü bildirib.
Tədbirin rəsmi hissəsinin sonunda Natiq İsmayılovun ailə üzvləri adından çıxış edən şəhid N.İsmayılovun həyat yoldaşı Nigar İsmayılova Natiqin vətən sevgisindən danışıb, bu sevgi ilə canını qurban verdiyini deyib. Natiqin və bütün şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacağına inandığını deyən N.İsmayılova onların adının yaşadılması üçün addım atan hər kəsə təşəkkür edib.
Tədbirin bədii hissəsində müğənni Rövşanə Kərimduxt sözləri və musiqisi Gövhər Həsənzadəyə aid olan “Vətənim Azərbaycan”, müğənni Xasay Şıxıyev sözləri Rəfail Hüseynova, musiqisi Faiq Sücəddinova aid olan “Gözəl Vətən” mahnılarını ifa ediblər.
Əslən Qarabağlı olan, Amerikada yaşayan tanınmış müğənni Gül Merinin ifasında “Azərbaycan Vətənim” mahnısı da tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
MEHRİ

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

İran Ermənistana xəbərdarlıq edib

05.11.2026 16:17 Dünya

Zəngilan Aqroparkı yaradılıb -

05.11.2026 15:59 Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi -

05.11.2026 15:55 Siyasət

Abşeron Milli Parkı dənizə qədər uzadılacaq

05.11.2026 15:42 Gündəm

Ronaldo yığmada karyerasını bitirdiyini açıqlayıb

05.11.2026 15:29 İdman

Bu avtobuslar yenilənir -

05.11.2026 14:19 Cəmiyyət

Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir

05.11.2026 14:02 Cəmiyyət

Rüblük vergi bəyannamələri ləğv ediləcək

05.11.2026 13:10 Cəmiyyət

İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri -

05.11.2026 12:59 Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

05.11.2026 12:48 Cəmiyyət

Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək

05.11.2026 12:41 Gündəm

DTX dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı

05.11.2026 12:35 Hadisə

Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

05.11.2026 12:14 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək