Uşağlaşan mələklər
Nənəm və bibim mənim yazdığım hekayə və məqalələri oxuyanda evdə qəribə bir sükut yaranardı. Elə bil divarlar da nənəmin duyğularına qulaq asırdı. O, uşağ kimi diqqətlə dinləyər, gözləri yaşla dolardı. Hər dəfə yazının sonunda gülümsəyib deyərdi:
– Mənim nəvəmdən yoxdur!
Sonra bir anlıq susar, bir qədər fikrə gedər və əlavə edərdi:
– Kaş, mənim haqqımda da bir yazı yazaydın…
O söz mənim içimdə toxum kimi cücərdi. Qərara gəldim ki, yazım – nənəm və onun kimi ağsaçlı, zəhmətkeş, saf ürəkli insanlar haqqında.
İnsan gənc olanda arzularının dalınca qaçar, planlar qurur, sabahını düşünür. Zaman keçdikcə illər yel kimi ötür, arzular dəyişir, məqsədlər yenilənir. Kimsə oxuyur, kimsə işləyir, kimsə övlad böyüdür. Valideynlərimiz isə əziyyətlə, alın təri ilə bizə bir parça çörək qazanırlar – soyuğa, istiyə baxmadan. Amma biz bəzən bunu unuduruq.
Zaman gəlir, övlad böyüdən ana, ata, nənə və baba yavaş-yavaş uşaqlaşır. Artıq onların ehtiyacı nə pula, nə də var-dövlətə olur. Onlar qayğıya, diqqətə, nəvazişə və xoş sözə möhtac qalırlar. Nəvələri başına toplananda elə bil dünyadakı ən xoşbəxt insanlara çevrilirlər.
Bir “can, ay nənə”, bir “səni sevirəm” demək onları illərlə cavanlaşdırır. Təəssüf ki, bəziləri bu sadə həqiqəti anlamır. Kimisi yaşlı valideynlərinin üzünə qışqırır, sərt cavab verir, kimisi isə onları təkliyə məhkum edir. Halbuki bu, insanın öz kökünü kəsməsi kimidir.
Biz unutmamalıyıq ki, Allah bizə həyatı məhz onlar vasitəsilə bəxş edib. Onlar olmasaydı, biz də olmazdıq. Valideynə, nənə-babaya hörmət yalnız borc deyil – həm də dua kimidir.
Gəlin, sağlıqlarında onlara dəyər verək. Əllərindən öpüb alnımıza qoyaq. Çünki qocalan valideyn, əslində, uşağlaşan bir mələkdir. Onların ayağında ruzi, sözündə bərəkət, baxışında mərhəmət var.
Bir gün biz də onların yerində olacağıq. O zaman istəyərik ki, övladlarımız, nəvələrimiz bizə necə davransınsa, indi biz də öz böyüklərimizə elə yanaşaq.
Bu mövzuda yazmaq, danışmaq, paylaşmaq lazımdır. Məktəblərdə, mədəniyyət evlərində, kitabxanalarda bu dəyərləri yaşadaq. Uşaqlara böyüklərə hörmət və sevgi aşılayaraq, unudulmaqda olan adət-ənənələrimizi dirildək.
Çünki nənə və babalar – keçmişin yaddaşı, bu günün işığı, gələcəyin duasıdır.
Onların duaları evlərin damı üzərində qoruyucu mələklər kimi dolaşır.
Qoy heç bir ev nənəsiz, babasız, sevgisiz qalmasın.

Elçin Ağasıyev