Qəzet dövrü bitir? – Rauf Arifoğlu gizlinləri açdı!
Qəzetlərin maliyyələşdirilməsinin dayandırılması ilə bağlı verilən qərar media sektorunda geniş müzakirələrə səbəb olub. Bu addım müxtəlif media nümayəndələri tərəfindən fərqli şəkildə dəyərləndirilir. Bəzi ekspertlər qəzet və onlayn media formatlarının hər birinin informasiya məkanında özünəməxsus rol oynadığını vurğulayır. Digərləri isə “qəzet dövrünün başa çatdığını” və medianın yeni mərhələyə qədəm qoyduğunu bildirirlər. Bəs görəsən reallıq necədir?
Xpress.az-a açıqlama verən “Yeni Müsavat” Media Qrupunun rəhbəri və Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rauf Arifoğlu hazırkı vəziyyəti belə şərh edib.
R.Arifoğlu bildirib ki, Media İnkişaf Agentliyinin yeni qaydaları media subyektlərinin fəaliyyət modelinə təsir edəcək. Onların redaksiya olaraq daxili imkanları qiymətləndirdiklərini və tərəfdaşlarla müzakirələr apardıqlarını qeyd edib.
O, vurğulayıb ki, “Yeni Müsavat”ın TV Musavat, Musavat.com və sosial şəbəkə platformaları ölkənin aparıcı informasiya kanallarından biridir və informasiya dövrünün tələblərinə cavab verir. Lakin çap medianın həm dünyada, həm Azərbaycanda böhranla üzləşib: "Qəzetlərin oxunma səviyyəsi azalır, satış mexanizmləri zəifləyir və oxucu diqqəti getdikcə elektron mediaya yönəlir.
Media İnkişaf Agentliyinin qərarını anlayışla qarşılayırıq. Dövlət resursları yeni media seqmentinin gücləndirilməsinə yönəldilməlidir, çünki ictimai rəy əsasən onlayn platformalarda formalaşır. Lakin qəzetlərin tamamilə sıradan çıxmaması da strateji əhəmiyyət daşıyır. Qəzet milli informasiya təhlükəsizliyi və tarixi yaddaş baxımından əvəzolunmazdır".
O həmçinin xatırladıb ki, Azərbaycan dövləti uzun illər çap medianın qorunması üçün xüsusi fond ayırıb və “Yeni Müsavat” həmin dəstək sayəsində fəaliyyətini davam etdirib. Lakin informasiya istehlakının dəyişməsi səbəbindən çap medianın əvvəlki mexanizmlərlə yaşaması artıq mümkün deyil. Qəzetin dövriyyəsinin azaldılması və ya print media vahidinin dayandırılması müəyyən ixtisar risklərini doğurur, lakin məqsəd prosesin mümkün qədər minimal itkilərlə həyata keçirilməsidir.
Bu yeni dövr bizi daha düşünülmüş, perspektivli və rasional media strategiyası formalaşdırmağa vadar edir. Məqsəd həm media resurslarımızı möhkəmləndirmək, həm də ‘Yeni Müsavat’ brendinin tarixiliyini və simvolik dəyərini qorumaqdır".
Afaq Qurbanzadə