Bakıda ermənilərin vəkilləri bəraət hökmünün çıxarılmasını XAHİŞ ETDİLƏR
Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Bizim.Media xəbər verir ki, məhkəmə iclasında təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak edirlər.
Məhkəmə iclası təqsirləndirilən şəxslərin müdafiəçilərinin çıxışları ilə davam etdirilir.
Təqsirləndirilən Davit İşxanyanın müdafiəçisi Aqşin Məmmədli çıxışında deyib ki, məhkəmə hökmü yalnız qəti və şübhəsiz sübutlar əsasında çıxarılmalıdır. O, D.İşxanyan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.
D.İşxanyanın digər vəkili Elçin Əmirov da müdafiəçisi olduğu şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.
Təqsirləndirilən Levon Balayanın müdafiəçisi Vəfa Mehdiyeva hüquqlarını qoruduğu şəxsin əməllərində cinayət tərkibi olmadığını deyib və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.
L.Balayanın digər vəkili Saqi Məmmədov da hüquqlarını müdafiə etdiyi şəxslə bağlı bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.
Təqsirləndirilən Davit Allahverdiyanın müdafiəçisi Nizami Əliyev deyib ki, hüquqlarını qoruduğu şəxs özünü elan olunan ittihamlarda təqsirli bilmir. O bildirib ki, D.Allahverdiyana qarşı irəli sürülmüş sübutlar əsassızdır və mötəbər deyil. Müdafiəçi D.Allahverdiyan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.
Onun digər vəkili Elməddin Məmmədov da özündən əvvəlki müdafiəçinin çıxışında göstərilən xüsusatlarla razılaşdığını deyib.
Təqsirləndirilən Erik Qazaryanın müdafiəçisi Natiq Mustafayev çıxışında hüquqlarını qoruduğu şəxsin özünü təqsirli bilmədiyini, silahını təhvil verərək Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinə könüllü təslim olduğunu bildirib. O, E.Qazaryan barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.