Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Maraqlı Dənizin ortasında 7 gün ac-sussuz qaldılar
Dənizin ortasında 7 gün ac-sussuz qaldılar
Maraqlı

Dənizin ortasında 7 gün ac-sussuz qaldılar

Xpress.az Redaksiyası 08.12.2025 10:45

Hadisə Cənubi Karolinada 15 və 17 yaşlı iki yeniyetmə dostun – Troy və Joshun başına gəlib.
Dostların çoxdan gözlədiyi bazar günü nəhayət çatdı. Onlar balıq tutmaq üçün 4 metrlik kiçik qayıqlarına minib dənizə yollandılar. Lakin bir neçə dəqiqə keçməmiş hava qəfil dəyişdi. “Tərs axın” (reverse current) qayıqlarını ildırım sürəti ilə sahildən uzaqlaşdırmağa başladı. Saniyələr dəqiqəyə, dəqiqələr isə saatlara çevrilirdi. Onları görən yox idi. Elə bil qayıq gözəgörünməz olmuşdu. Son gördükləri isə uzaqdan keçən yük gəmiləri idi.
Qaranlıq düşdükcə ümidləri də azalırdı. Artıq nə sahil görünürdü, nə də hər hansı işıq. Səhər açılanda isə sahil tamamilə yoxa çıxmışdı.
Qayıqda heç bir xüsusi avadanlıq yox idi. Josh telefonunu sahildə maşında unutmuşdu. Valideynlər artıq sahil mühafizəsinə müraciət etmişdilər. Axtarışa qayıqlar, helikopterlər və həvəskar dənizçilər qoşulmuşdu. Amma heç bir iz tapılmırdı. Ümidlər tükənməyə başlamışdı…
Troy və Josh isə hələ sağ idilər — lakin çox ağır vəziyyətdə. Nə yeməkləri var idi, nə də içməli su. Günlər keçdikcə isti hava onları əldən salırdı. Sərinləmək üçün suya girib-çıxırdılar, ta ki ətrafda köpəkbalıqları görünənə qədər…
Susuzluq getdikcə dözülməz olurdu. Su o qədər təmiz və “ləzzətli” görünürdü ki, Troy içmək üçün Josha yalvarırdı. Amma Josh buna icazə vermirdi: “İçsən, öləcəksən”, – deyirdi.
Bir dəfə qısa yağış çiskinlədi. Oğlanlar ağızlarını sonuna qədər açıb bir neçə damcı tutmağa çalışdılar. Qayığın dibinə yığılan suyu belə yalayırdılar. Tamamilə islanmışdılar və gecələri soyuqdan titrəyərək bir-birilərinə sarılıb üşüməməyə çalışırdılar.
Aclıq isə ikinci düşmən idi. Troy o qədər ac idi ki, bir anlıq barmağını kəsib yeməyi belə düşündü. Sonra fikrindən daşındı. Daha sonra sudan şəffaf bir meduza çıxarıb yedi. Bir gün boyunca zəhərlənib-zəhərlənməyəcəyini gözlədi. Ölmədi. Cəsarətlənib təxminən 100 meduza yedi. Josh üçün isə bunu etmək mümkünsüz görünürdü.
Onların düşməni olduğu qədər dostları da var idi: xəyal. Tezliklə xilas olunacaqlarına inanır, sahildə birlikdə ən böyük, ən dadlı dondurmanı yeməyi təsəvvür edirdilər.
Və nəhayət, 7 gün sonra möcüzə baş verdi. Sahildən 180 km uzaqda 70 yaşlı bir balıqçı onları gördü. Balaca qayıqdan zəif şəkildə yellənən dörd taqətsiz əl…
Tapılanda Josh 14 kq (30 pound) çəki itirmişdi, Troy isə ağır günəş yanıqlarından əziyyət çəkirdi. Hər ikisi bir müddət xəstəxanada müalicə olundu. Troyun atası deyirdi: “Oğlumun tapıldığını eşidəndə özümü sanki bu dünyada ikinci dəfə doğulmuş kimi hiss etdim”.
Xəstəxanadan çıxdıqdan sonra iki dost dənizdə təsəvvür etdikləri o arzunu reallaşdırdılar: birlikdə ən böyük, ən dadlı dondurmanı yeməyə getdilər.


✅ İstinad: People jurnalı

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək