Bir il okeanda su və yeməksiz qalan adam- NECƏ SAĞ QALDI?
Marşall adalarının ən ucqar atolllarından birində yerli sakinlər arıq, çaşqın və yalnız ispan dilində danışan naməlum bir şəxslə qarşılaşdılar. İlk baxışda tamamilə dəli təsiri bağışlayan bu adamın hekayəsi kəndlilərin təsəvvür edə biləcəyindən qat-qat qəribə idi. Bu, 14 ay dənizdə sağ qalmış Xose Salvador Alvarenqanın sarsıdıcı həyat hekayəsidir.
37 yaşlı El Salvadorlu balıqçı Xose Alvarenqa adi bir günlük balıq ovu üçün dənizə çıxmışdı. Onunla birlikdə balıqçılığa yeni başlayan yeniyetmə də vardı. Bu səfər bir gündən bir ilə uzandı — nəticədə biri həyatını itirdi, digəri isə ailəsinə qayıtsa da, psixoloji zədələr aldı.
Gözlənilməz fırtına balıqçı qayığını sahildən onlarla kilometr uzağa sürüklədi. Radionun işləməməsi vəziyyəti tam ümidsizləşdirdi. Qayıq sahibi bildirmişdi ki, fırtınadan iki gün sonra axtarış qrupu göndərsə də, nəticə əldə edilməyib. Beləcə, iki balıqçı ən təcrübəli səyyahın belə tab gətirə bilməyəcəyi uzun bir sağ qalma mübarizəsinə başladı.
Fırtına göyərtədəki bütün şirin suyu və qida ehtiyatlarını yuyub aparmışdı. Aylarla onlar:
çiy balıqla qidalanır,
tısbağa ovlayır,
susuzluğu quş qanı və hətta öz sidikləri ilə yatırmağa çalışırdılar.
Maraqlıdır ki, tanınmış səyyah Fyodor Konyuxov bu vəziyyəti real hesab etmir. Onun fikrincə, duzsuzlaşdırıcı olmadan okeanda uzun müddət sağ qalmaq demək olar ki, mümkün deyil.
Yeniyetmə bu ağır sınağa tab gətirə bilmədi. Alvarenqa zaman hissini tam itirdiyi üçün onun nə vaxt öldüyünü də dəqiq xatırlamır. Deyir ki, ağlını tam itirməmək üçün ortağının cəsədini dənizə atmalı olub.
Marşalla çatdıqdan sonra həkimlər Alvarenqanın, belə uzun yolçuluğa baxmayaraq, kifayət qədər yaxşı vəziyyətdə olduğunu bildirdilər. Onun sinqa (C vitamini çatışmazlığı) keçirməməsi isə mütəxəssislər üçün təəccüblü idi — deməli, o, lazım olan qidaları əldə etməyi bacarıb.
Bu faktlar bəzi şübhələri artırdı və Alvarenqa kannibalizmdə ittiham olundu. Lakin o, bu iddiaları tam şəkildə rədd edir.