“Muğama maraq əvvəlki kimi deyil” – Alim Qasımovdan ETİRAF+MÜSAHİBƏ
Azərbaycan muğam sənəti sadəcə musiqi janrı deyil – o, xalqın yaddaşı, mənəvi kimliyi və ruhunun səsidir. Əsrlər boyu formalaşan bu müqəddəs sənət bu gün də dövlət tərəfindən qorunur, inkişaf etdirilir və milli dəyər kimi gələcək nəsillərə ötürülməyə çalışılır. Lakin müasir dövrdə sosial şəbəkələrin təsiri, sürətlə yayılan yüngül və bayağı musiqilərin geniş auditoriya toplaması muğamın cəmiyyət içindəki mövqeyinə yeni suallar doğurur. Xüsusilə gənc nəslin musiqi zövqünün dəyişdiyi bir zamanda muğamı necə yaşatmaq, onu sevdirmək və ruhunu qorumaq əsas müzakirə mövzularındandır.
Belə bir həssas mərhələdə muğamın bugünkü durumu, onun gələcək taleyi, sənətkarın cəmiyyət qarşısında daşıdığı mənəvi məsuliyyət xüsusi önəm kəsb edir. Muğam yalnız dinlənilən musiqi deyil, insanı düşünməyə, özünə qayıtmağa vadar edən ilahi bir haldır. Bu halı yaradan sənətkar isə təkcə səs sahibi deyil, həm də mənəvi yol göstəricidir. Muğamın müasir musiqi janrları ilə sintez olunması, bu yolun nə dərəcədə doğru və ya zəruri olması isə cəmiyyət arasında birmənalı qarşılanmayan mövzulardandır.
Azərbaycan muğam sənətinin dünya miqyasında tanınmasında müstəsna xidmətləri olan, səsi və ifası ilə minlərlə insanın ruhuna toxunan Xalq artisti Alim Qasımov Xpress.az-a verdiyi müsahibədəsində bu sualları cavablandırdı.
– Bu gün Azərbaycan muğamının durumu sizi qane edirmi?
-Bəli, açıq demək lazımdır ki, muğama maraq əvvəlki qədər deyil. Bu, dövrün reallığıdır. Son illər bayağı musiqilər və müğənnilər yoluxucu virus kimi hər yerə yayılıb. Sosial şəbəkələrdə daha çox yüngül, tez yadda qalan, amma dərinliyi olmayan mahnılar ön plana çıxır. Təbii ki, bu da muğam kimi ciddi sənət növünə marağın azalmasına təsir göstərir.
Bir hadisəni xatırlatmaq istəyirəm. Vaxtilə Vaqif Gərəyzadə ilə birgə musiqi hazırladıq, mən pop üslubunda mahnı ifa etdim. Yolda ağsaqqallar məni saxlayıb deyirdilər: “Utanmırsan, belə mahnılar oxuyursan?” Amma maraqlı tərəfi o idi ki, məhz həmin mahnılar vasitəsilə rusdilli insanlar gəlib muğama qulaq asmağa başladılar. Sonra deyirdilər: “Biz sizi o mahnıda dinlədik, sonra muğam ifalarınızı tapdıq.”
Elə bil Vaqif Gərəyzadə ilə mən dən səpdik, göyərçinlər bir-iki gün sonra gəldi, sən də damın qapısını bağladın – artıq o göyərçin sənin olur. Yəni bu gün bəzi təbəqələrə bir az “qida” vermək lazımdır ki, yavaş-yavaş muğama yönəlsinlər. Başqa çarə yoxdur. Qəzəlləri müəyyən qədər sadələşdirmək, təsnifləri onların sevdiyi musiqi dili ilə təqdim etmək lazımdır.
– Sizcə, sənətkar bu gün sadəcə oxumalıdır, yoxsa cəmiyyətin mənəvi durumuna görə də məsuliyyət daşımalıdır?
-Sənətkar mütləq hər şeyi öz içindən edərək, hiss edərək oxumalıdır. Öz sənətini səmimi şəkildə cəmiyyətə təqdim etməlidir. Amma istər-istəməz onun ifasında zarafat da olur, sadə sözlər də olur, bayatı da olur. Bunlar müəyyən insanların qidasıdır.
Cəmiyyət müxtəlif təbəqələrdən ibarətdir. Kimisi yüngül musiqiyə qulaq asır, kimisi isə dərin, ağır musiqi axtarır. Sənətkar bir az əziyyət çəkib hər kəsə pay verməlidir. Məncə, bu, onun cəmiyyət qarşısında mənəvi borcudur.
– İnsan mənəvi baxımdan tükəndiyi anda muğama üz tutur. Sizcə, bu təsadüfdür, yoxsa muğamın ilahi bir missiyası var?
-Hər kəsin bu barədə öz düşüncəsi var. Amma mən bunu həyatımda çox görmüşəm. Xaricdə konsertlərdən sonra ağlaya-ağlaya yanıma gəlib təşəkkür edən insanlar olub. Bu hal sözlə ifadə ediləsi deyil.
Mənim sözlərim nə ulduza qalxır, nə aya çatır. Amma insan o hala düşür. Musiqi insanı hala salırsa və sənətkar o halı yarada bilirsə, o sənətkar həmişə sevilir. Muğamın gücü də məhz bundadır.
– Alim Qasımovun ruh halı ilə Allah arasında olan bağ necədir?
-Qurban olum Allaha. Hər şey birbaşa Allahla bağlıdır. Bu, insanlara verilən xüsusi bir haldır və onu kiməsə ötürmək mümkün deyil. Allah yetirir, biz yeyirik ki, yaşayaq.
Amma mənəvi qida olmayanda darıxıram, xasiyyətimdə dəyişiklik hiss edirəm. Hər şey zahirən qaydasında olsa belə, öz-özümə deyirəm: “Niyə darıxdım?” O zaman anlayıram ki, mənim mənəviyyatım gözəl bir əhval-ruhiyyə, bir ilahi hal tələb edir.
Afaq Qurbanzadə