Kitabın ən böyük düşməni
Kitabın ən böyük düşməni
Kitablar çap olunur, amma oxunmur. Hekayəni artıq harada axtarırıq – romanda, serialda, yoxsa ekranda? Oxu vərdişlərimizi kim və necə dəyişdirdi?
Cem Erciyes yazır.
“Hafıza” adlı kitabın müəllifi, fransız tədqiqatçı Bruno Patinoya görə XXI əsr insanının diqqət müddəti cəmi 9 saniyəyə düşüb. Yəni vəziyyətimiz akvarium balığından cəmi 1 saniyə daha yaxşıdır.
Bəlkə də vəziyyət tam belə deyil. Oxuduğumuz mətinə fokuslana bilmək bacarığımızdan az da olsa qalıb. Elə olmasaydı, bu gün hələ də həm Türkiyədə, həm də dünyada kitab oxunmazdı.
Kitablar var, oxucu azalırmı?
Nəşriyyatçılıq bir çox bölgədə mədəniyyət–incəsənət sənayesinin ən böyük sahələrindən biridir. Hər il milyonlarla kitab çap olunur, yüz minlərlə yeni adda kitab rəflərdə yerini alır. Türkiyədə dərs kitabları istisna olmaqla, ildə 200 milyondan çox kitab nəşr edilir. Təkcə mədəni nəşriyyat sahəsində 30 mindən artıq yeni kitab işıq üzü görür. İnsanlar hələ də yeni fikirlərə və təxəyyülə dəyər verir.
Bu işin yaxşı tərəfidir.
Amma bir də pis tərəfi var. Məhz orada – bu günkü sivilizasiyamızı borclu olduğumuz kitabın gələcəyi ilə bağlı bizi pessimizmə sürükləyən çoxsaylı göstəricilər mövcuddur.
Türkiyə Nəşriyyatçılar Birliyi 2024-cü il Bazar Hesabatında (2025 hesabatı hələ açıqlanmayıb) nəşriyyat sektorunun 12 faiz kiçildiyini bildirmişdi.
Frankfurt Kitab Sərgisində Avropa Nəşriyyatçılar Birliyinin təqdimatını dinləmək imkanım oldu. Orada da Türkiyədə olduğu kimi kitab satışlarının azaldığı qeyd edildi. Satışlar əvvəlki ilə nisbətən 5 faiz geriləyib. Bu, böyük sənaye üçün ciddi göstəricidir.
Səbəblərdən biri kitab qiymətləridir. Bəli, inanılmazdır, amma Avropada da insanlar bundan şikayət edirlər. Görünür, kitabın mümkün qədər ucuz – hətta pulsuz olmasını arzulamaq insan təbiətidir.
Oxumayan kütlə: Ən narahatedici qrup
Avropada insanların 47,2 faizi artıq ümumiyyətlə kitab oxumur. Yaş azaldıqca oxu faizi də aşağı düşür. 16 yaşdan aşağı qrupda vəziyyət nisbətən yaxşıdır, amma onların məktəbdə məcburi oxuduqları da nəzərə alınmalıdır.
Qadınlar bütün dünyada kişilərə nisbətən daha çox kitab oxuyur. Maraqlıdır ki, Avropada təhsil səviyyəsi oxu vərdişlərinə ciddi təsir etmir.
Kitab oxumayanlara “niyə?” sualı verildikdə:
-
51% səbəb kimi qiymətləri göstərib
-
21% isə niyə oxumadığını belə bilmir, kitabla maraqlanmır və bu barədə düşünməyib
Məhz bu sonuncu qrup – kitabı həyatından tam çıxaran insanlar – ən narahatedici təbəqəni təşkil edir.
Gənclər kitabdan uzaqlaşır, yoxsa onu yenidən kəşf edir?
Oxu nisbətləri azalsa da, Z nəslinin bir hissəsi kitabları ehtirasla sevir. 2025 İstanbul Kitab Sərgisində minlərlə gəncin imza növbələrində saatlarla gözləməsi bunun açıq sübutudur. Bu növbələrdə duranların böyük əksəriyyəti 16–24 yaş arası gənclər idi.
Gənclik ədəbiyyatı həm Türkiyədə, həm də dünyada milyonlarla gənci özünə cəlb edir. Yeni-yeni gənc yazarlar və oxucular meydana çıxır. Ümid edirik ki, onların bir qismi ailə qurduqdan sonra da oxumağı davam etdirəcək.
Məsələn, 22 yaşında öz kitab klubunu quran model Kaia Gerber belə deyir:
"“Kitablar həmişə həyatımın eşqi olub. Kitab oxumaq çox cazibədar bir şeydir.”"
Niyə daha az oxuyuruq?
İngilis Oxu Agentliyinin hesabatına əsasən əsas maneələr bunlardır:
-
vaxt çatışmazlığı
-
sosial medianın diqqəti dağıtması
-
depressiya və narahatlıq
-
diqqəti bir neçə dəqiqədən artıq saxlaya bilməmək
Bir çox oxucu yenidən oxumağa qayıtmaq üçün:
-
daha qısa iş saatları
-
kitab seçimində istiqamətləndirmə
-
sosial mediaya daha az vaxt
-
kitablara daha asan çıxış
istədiklərini bildirib.
Ekran dövrü və sosial medianın səssiz işğalı
Əsas səbəb kitabların bahalaşması deyil. Əsas səbəb öyrənmək, əylənmək və hekayə dinləmək üçün başqa mənbələrə yönəlməyimizdir.
Sosial media bizi ekrana bağladı. Facebook, Instagram, X (Twitter) bizi süni “əks-səda otaqları”na salaraq saatlarımızı udur. Gözümüz – yuxu istisna olmaqla – daim ekrandadır.
İzləmə mədəniyyətinin yüksəlişi
YouTube yazının yerini videoya verdi. Oxumaq zəhmət tələb edir, izləmək isə passivdir və daha asandır. Bu da “balıq hafizəsi”nə uyğun gəlir.
Daha sonra Netflix və digər platformalar gəldi. Artıq yüksək keyfiyyətli hekayələr kitabdan yox, seriallardan alınır. Romanların yerini mövsüm-mövsüm seriallar tutdu.
Netflix effekti
Bu gün insanlar kitab oxumaqdansa serial izləyir. Təhsilli təbəqə, hətta yazarlar belə. Netflix hekayə ehtiyacını fazlasıyla ödəyir.
Problem ondadır ki, kitab üçün ayırdığımız yer sürətlə kiçilir.
Hekayə ehtiyacı bitməyib, sadəcə istiqamət dəyişib
İnsanlar hələ də hekayə istəyir. Sadəcə onu artıq qalın romanlarda yox, ekranda axtarır. Seriallar həyatın bütün çalarlarını bizə hazır formada təqdim edir.
Bu, kitablarla olan münasibətimizi zəiflədir.
Netflix ədəbiyyatın zənginliyini tam əvəz edə bilirmi? Xeyr. Amma insanlar bestseller oxumaqdansa serial izləməyi seçirlər – ən azından hazırkı reallıq budur.