Eynşteynin nəzəriyyəsinə yeni bir sübut
Çinli alimlər Ayda zamanı izləyən yeni bir proqram təminatı hazırlayıb. Bu model Albert Eynşteynin nəzəriyyələrinə yeni elmi sübut təqdim edir.
Eynşteynin nisbilik (görelilik) nəzəriyyəsinə görə, kütləçəkmə (yerçəkmə) qüvvəsi məkan-zaman toxumasını bükür. Buna görə də zaman kainatın hər yerində eyni sürətlə axmır. Bir cismin sürəti və ətrafındakı obyektlərin kütləçəkmə gücü zamanın necə irəliləməsinə birbaşa təsir göstərir.
Kütləçəkmə qüvvəsi artdıqca zaman daha yavaş axır, bu qüvvə azaldıqda isə zaman sürətlənir. Məsələn, dağın zirvəsində zamanın dəniz səviyyəsinə nisbətən bir qədər daha sürətli keçməsinin səbəbi də budur.
Ayın kütləsi və buna bağlı olaraq kütləçəkmə qüvvəsi Yer kürəsindən daha az olduğu üçün zaman Ayda fərqli şəkildə irəliləyir. Ayda olan bir müşahidəçi üçün Yer mərkəzli saat hər Yer günü ərzində 58,7 mikrosaniyə geri qalır.
Bu fərq çox kiçik görünsə də, Ay missiyaları üçün kritik əhəmiyyət daşıyır. Müasir kosmik aparatların əksəriyyəti GPS-ə bənzər sistemlərlə işləyir. Bu sistemlər radio siqnalının peykdən qəbulediciyə çatma müddətini ölçərək mövqeni müəyyən edir. Zamanlamada yaranan cüzi bir səhv eniş aparatının yerini kilometrlərlə yanlış göstərə bilər.
İndiyədək Ay səfərləri qısa müddətli və nadir olduğu üçün bu məsələ ciddi problem yaratmırdı. Lakin gələcəkdə Ay ziyarətlərinin artacağı gözlənildiyindən, zamanı daha dəqiq hesablaya bilən alətlərə ehtiyac yaranır.
Nankində yerləşən Bənövşəyi Dağ Rəsədxanası və Çin Elm və Texnologiya Universitetinin tədqiqatçıları Ay vaxtını ölçən və dünyada bu sahədə istifadəyə hazır ilk proqram təminatını hazırlayıblar. Alimlər əvvəlcə Ayın hərəkətinə dair yüksək dəqiqlikli məlumatlardan istifadə edərək Ayla Yer arasındakı zaman fərqinin dəyişimini izləyiblər.
Daha sonra bu hesablamalar prosesi avtomatlaşdıran proqram paketinə inteqrasiya edilib. Bu sayədə istifadəçilər mürəkkəb hesablamalara ehtiyac duymadan iki göy cisminin vaxtını birbaşa müqayisə edə bilirlər.
“Astronomy & Astrophysics” adlı elmi jurnalda dərc olunan tədqiqata əsasən, proqram təminatı hətta min il sonra belə nanosaniyə dəqiqliyində işləmək qabiliyyətini qoruyacaq.
Əldə olunan nəticələr məkan-zamanın kütləçəkmə qüvvəsindən təsirləndiyini göstərən nisbilik nəzəriyyəsini yüksək dəqiqlikli ölçmələrlə güclü şəkildə təsdiqləyir.
Tədqiqatçılar bildirirlər ki, Ay Vaxtı Efemerisi (Lunar Time Ephemeris – LTE440) adlanan bu model real naviqasiya məqsədləri üçün istifadəyə verilməzdən əvvəl daha da təkmilləşdirilməlidir.
Gələcəkdə Ay kosmik aparatlarla və insanlarla daha çox dolduqca, bu cür naviqasiya və zaman ölçmə alətləri daha böyük əhəmiyyət kəsb edəcək.
Qeyd edək ki, NASA 1972-ci ildən sonra ilk dəfə Ay istiqamətində həyata keçiriləcək insanlı uçuş üçün nəzərdə tutulan raketi yaxın günlərdə buraxılış platformasına yerləşdirib. Artemis II missiyası çərçivəsində buraxılması planlaşdırılan raketin ən tez 6 fevralda havaya qalxacağı gözlənilir, lakin bu tarix aprel ayına qədər də uzadıla bilər.