Relyefə uyğun şəhərsalma: LAHIC KÜÇƏLƏRİ - FOTO
Qədim dövrlərdən indiyə qədər insanlar yaxşı yaşamaq üçün daha münasib yerlərə axın edərək, bir-biri ilə əlaqəli işləyib, maddi gəlir əldə edib, həyat səviyyələrini yüksəldiblər. Təbii ki, insanlar yaxşı yaşayırlarsa özlərinə ev, yol və məişət sanitar yerləri yaratmalıdırlar. Bu zaman artıq bir məkan anlayışı - kənd, qəsəbə şəhər və sair təşkil etmək zərurəti yaranır. O cümlədən Azərbaycanda da tarixən bu çərçivədə mükəmməl şəhərlər yaranıb. Qərb şəhərsalma qurğuları, şərq şəhərsalma mədəniyyəti ilə tipoloji əlaqələr yaradandan sonra şəhərlərin yaranmasını müəyyən edən iqtisadi və tarixi amillər formalaşıb.

Təbii-iqlim şəraiti, coğrafi məkan, landşaftın seçilməsi şəhərsalmada əsas amillərdən biri kimi müəyyən edilib. Məskunlaşma sistemlərinin formalaşması və təkamülü Azərbaycanda mükəmməl şəhərlərin yaranmasında əsas olub. Eyni zamanda şəhərlərin sosial və iqtisadi inkişafı ilə bərabər onları xarici amillərdən qoruyub saxlamaq üçün şəhər-qalaların yaranmasına ehtiyac yaranıb. Buna misal olaraq orta əsrlərin qala şəhəri olan Lahıca nəzər salsaq kifayətdir.

Lahıc şəhərsalma mədəniyyəti, insanın təbii mühiti məhv etmədən, onunla tam uzlaşaraq necə mükəmməl bir yaşayış ekosistemi qura biləcəyinin canlı sübutudur. Onun yeraltı kanalizasiya (kürəbənd) mühəndisliyi, zəlzələyə davamlı memarlıq texnologiyası, unikal məhəllə planlaşdırması və möcüzəvi küçə sistemi Lahıcı sadəcə regional deyil, qlobal miqyasda öyrənilməli olan bir şəhərsalma abidəsinə çevirir. UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi siyahısına daxil edilən bu tarixi məkan, müasir ekoloji və “ağıllı” şəhərlərin layihələndirilməsi üçün zəngin bir tarixi təcrübə mənbəyidir.

Lahıc şəhərsalma strukturunun əsas elementlərindən biri küçə şəbəkəsidir. Təbii istehkamlar olan Babadağ, Niyal dağ, Fit dağ, Ağbulaq yaylağı əhatəsində yerləşən Lahıcın şəhərsalma planı heç də asan olmayıb, xüsusi mühəndislik məharəti tələb edib. Mürəkkəb dağlıq relyefə malik olan belə yerdə küçə səmtlərinin, çirkab sularının axıdılması, içməli su xətlərinin çəkilməsi, təsərrüfat sularının çəkilməsi o dövrdə böyük məharət tələb edirdi. İnşaat işləri elə aparılmalı idi ki, onlar bir-birinə mane olmasın və ya bir-birinə qarışmasın.
İlk şəhərsalma planında Lahıcda küçələr gediş-gəliş nəqliyyat vasitəsi kimi göstərilib. Sənətkarlıq və tayfa baxımından isə şəhərsalma planında Lahıc məhəllələrə bölünüb. Zaman keçdikcə Lahıca axının olması, kəndlərdən gəlib Lahıcda məskunlaşmalar, xüsusən də sovet dövründə sənədləşmə və ünvan zəruriliyi küçələrə adların verilməsi ilə nəticələnib. Şəhərsalma planında Lahıc hissəsində əsasən 4 küçə, Ərəgit hissəsində isə 3 əsas küçə planlaşdırılıb və inşa olunub.

Nizami Hüseynov küçəsi: sovet dövründən Lenin küçəsi kimi də adlanan küçəyə müstəqillik dövründə şəhid N.Hüseynovun adı verilib. Əhali arasında köhnə adı Şah küçə olan bu küçə 15 dalan və döngədən ibarətdir. Küçənin uzunluğu 750, eni 2,8 metrdən - 5.5 metrə qədərdir. Hal-hazırda küçədə əsas sənətkarlar, ticarətçilər yerləşir. Küçədə Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən qorunan 25 tarixi-abidə var. Onlardan 17-si yaşayış evi, 5-i dükan, 2-si bulaq, 1-i hamamdır.

Əli Bayramov küçəsi: Ə.Bayramov küçəsi əhali arasında məhəllə adı ilə Bədöyün küçəsi kimi adlanır. Şəhərsalma planında bu küçənin yeri çox dəqiqliklə seçilib. Reylefə görə N.Hüseynov küçəsində yerləşən kanalizasiyanın əsas xətti bu küçəyə xidmət edə bilməyib. Ona görə də bu küçənin özünəməxsus su və kanalizasiya xətti var. Küçənin uzunluğu 235 metr, eni 2,8 metrdən 3,5 metrə qədərdir. Küçədə 9 tarixi-abidə var. Onlardan 8-i yaşayış evi, 1-i məsciddir.

Ələkbər Əliyev küçəsi: Şəhərsalma planında bu küçə xüsusi mühəndis məharəti ilə işlənib. Yer səthinin quruluşuna görə N.Hüseynov düz-hamar bir hissədə inşa olunub. Ə.Əliyev küçəsinin N.Hüseynov küçəsi ilə fərqli cəhətləri var. Burada məsafə baxımından hündürlük 100 metr, fərqi isə 10-12 metrdir. Hündürlük nəzərə alınaraq şəhərsalma strukturunda bütün elementlər bu iki küçədə bir-birini tamamlayır. Ə.Əliyev küçəsinin xüsusi üstünlüyü ondadır ki, Lahıcın yuxarı məhəlləsi ilə aşağı məhəlləsi arasında olan sular 450 dərəcə bucaq altında xüsusi xətlərlə kanalizasiyanın əsas xəttinə ötürülür. Deyə bilərək ki, Lahıcın uzun ömürlü bir yaşayış məntəqəsi olmasında bu küçədə aparılan mühəndislik qurğularının mühüm rolu var. Küçənin uzunluğu 556 metr olmaqla, eni 2,3-2,8 metrdən ibarətdir. Küçədə 6 tarixi-abidə var. Onlardan 5-i yaşayış evi, 1-i məsciddir.

Rəhman Nəcəfov küçəsi: El arasında məhəllə adı Zəvərö adlanır. Lahıcın cənub-şərqindən cənub-qərbinə doğru olan əsas hissəni digər hissədən Lil çayı ayırır. Lil çayının sağ hissəsi boyunca uzanan R.Nəcəfov küçəsinin başlanğıcında qurtaracağının hündürlük fərqi 110 metrdir. Bu küçə Girdiman çay qırağından üzü yuxarı başlayaraq, Çəməndarvaza deyilən dağın ətəyinə qədər uzanır. Şəhərsalma planında çox gözəl bir şəkildə planlaşdırılıb və inşa olunub. Uzunluğu 525 metr olmaqla, yerləşdiyi əraziyə görə eni fərqlidir – 4,5-2,5 metrə qədər. Bu küçədə qorunan 15 tarixi-abidə var. Onlardan 12-si yaşayış evi, 1-i hamam, 1-i məscid, 1-i bulaqdır.

Ərəgit hissəsində küçə şəbəkəsi T.Kazımov, S.Vurğun, Xaqani küçələrindən ibarətdir.

Tələt Kazımov küçəsi: Lahıcın Ərəgit hissəsində olan 3 küçədən biridir. Bu hissə demək olar ki, ərazinin ən düz hamar hissəsidir. Hər 3 küçə bir-birinə əlaqəli inşa olunub. Çox unikal bir səviyyədə uzunluğu 1050, eni 3-4 metr olan bu küçədə qorunan 12 tarixi abidə var. Onlardan 9-u yaşayış evi, 1-i məscid, 1-i dəyirman, 1-i dükandır.

Səməd Vurğun küçəsi: Bu küçə orta hissədə yerləşdiyi üçün ərazi bütünlüklə bir-birilə əlaqəlidir. Uzunluğu 500, eni 5-3 metrdir. Küçədə qorunan 11 yaşayış evi olan tarixi abidə var.

Xaqani küçəsi: Girdimançay sahilində inşa olunduğundan el arasında Sahil küçəsi də adlanır. Şəhərsalma strukturunda bütün detallar bu küçədə həyata keçirilib. Küçədə qorunan 11 tarixi abidə var. Onlardan 9-u yaşayış evi, 1-i hamam, 1-i məsciddir.
Ağaməşədi ƏLİYEV
“Lahıc” Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi