"Güclü dövlət üçün güclü media vacibdir" - Sara Əzimova ilə MÜSAHİBƏ
Bu gün Azərbaycan milli mətbuatının yaranması günüdür. 151 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin "Əkinçi" qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.
Bu münasibətlə tanınmış jurnalist, ANZ.AZ saytının təsissçisi Sara Əzimova Xpress.az-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- 151 illik Azərbaycan mətbuatına nəzər saldıqda, Sizcə, bu yolun ən böyük nailiyyəti nədir?
- Ən böyük nailiyyət milli düşüncənin və ictimai şüurun formalaşmasında mətbuatın mühüm institutlardan birinə çevrilməsidir. “Əkinçi” ilə başlayan yol bu gün müasir və rəqəmsal Azərbaycan mediasına qədər gəlib çatıb. Mətbuatımız müxtəlif siyasi və tarixi mərhələlərdən keçsə də, milli maraqların ifadəçisi olmaq missiyasını qoruyub.
- Uzun illər jurnalistikada çalışmış bir peşəkar kimi, bu peşənin Sizə qazandırdığı ən dəyərli həyat dərsi nə olub?
- Jurnalistikaya 17 yaşımda başlamışam. Bu peşənin mənə öyrətdiyi ən böyük dərs odur ki, zaman dəyişir, insanlar və vəzifələr dəyişir, amma yazılan söz qalır. Ona görə jurnalist üçün ən vacib məsələ sözünün məsuliyyətini daşımaq və heç bir şəraitdə peşəkar mövqeyini itirməməkdir.

- Azərbaycan mətbuatı bu gün cəmiyyətin inkişafında və ictimai rəyin formalaşmasında hansı rolu oynayır?
- Media artıq yalnız hadisələri çatdıran vasitə deyil, ictimai gündəmi formalaşdıran mühüm institutdur. Peşəkar media cəmiyyətlə dövlət arasında informasiya körpüsü yaratmalı, problemləri görünən etməli və sağlam ictimai müzakirəyə şərait yaratmalıdır. Güclü dövlət üçün güclü və məsuliyyətli media vacibdir.
- Texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə ənənəvi jurnalistikanın hansı prinsipləri dəyişməz qalmalıdır?
Texnologiya dəyişə bilər, informasiya daha sürətli yayıla bilər, amma jurnalistikanın əsas prinsipləri dəyişməməlidir: dəqiqlik, obyektivlik, faktın yoxlanılması, balans və məsuliyyət. Sürət heç vaxt həqiqətdən daha vacib olmamalıdır.
- Sizcə, son illərdə Azərbaycan mediasında peşəkarlıq və xəbər təqdimatı baxımından hansı müsbət dəyişikliklər baş verib?
- Azərbaycan mediasında rəqəmsallaşma, operativlik və vizual təqdimat baxımından ciddi inkişaf var. Media artıq yalnız ölkə daxilində deyil, qlobal informasiya məkanında da rəqabət aparmağa çalışır. Ən mühüm dəyişikliklərdən biri jurnalistin müxtəlif platformalarda işləmək bacarığının artmasıdır.
- Gənc jurnalistlərin peşəyə marağını necə qiymətləndirirsiniz? Onlara ilk növbədə hansı tövsiyələri verərdiniz?
Gənclərin jurnalistikaya marağı var, amma onlara ilk tövsiyəm məşhur olmağa deyil, peşəkar olmağa çalışmalarıdır. Jurnalistika yalnız kamera qarşısında görünmək və sosial şəbəkədə izlənmək deyil. Oxumaq, araşdırmaq, düzgün sual vermək və faktı yoxlamaq bu peşənin əsasını təşkil edir.

- Jurnalistin cəmiyyətdə etibar qazanması üçün hansı keyfiyyətlər vacibdir?
- Etibar bir gündə yaranmır, illərlə qazanılır. Jurnalist prinsipial, dürüst, savadlı və məsuliyyətli olmalıdır. Ən əsası isə şəxsi münasibətlərini və maraqlarını peşə fəaliyyətindən ayırmağı bacarmalıdır. Jurnalistin ən böyük kapitalı onun adının yaratdığı etibardır.
- Azərbaycan mediasının beynəlxalq informasiya məkanında daha güclü təmsil olunması üçün hansı addımların atılması vacibdir?
Biz yalnız Azərbaycan haqqında Azərbaycan dilində danışmaqla kifayətlənməməliyik. Xarici dillərdə peşəkar media kontenti artırılmalı, beynəlxalq auditoriyanın maraqlarına uyğun informasiya strategiyası qurulmalıdır. Xüsusilə Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan və regionda yaranan yeni geosiyasi reallıqlar barədə Azərbaycanın mövqeyi dünyaya daha sistemli şəkildə çatdırılmalıdır.
- Sizcə, milli mətbuatımızın 151 illik irsi bugünkü jurnalistlər üçün hansı mesajı verir?
- “Əkinçi”dən bu günə gələn 151 illik yol bizə göstərir ki, mətbuat yalnız xəbər vermək deyil, həm də maarifçilik, milli düşüncə və ictimai məsuliyyətdir. Həsən bəy Zərdabinin başladığı yolun əsas mesajı dəyişməyib: xalqa xidmət etmək üçün əvvəlcə həqiqətə və sözə xidmət etmək lazımdır.
- Gələcəyin Azərbaycan mediasını necə görürsünüz? Qarşıdakı illərlə bağlı gözləntiləriniz nələrdir?
- Gələcəyin mediasını daha rəqəmsal, çevik və beynəlxalq görürəm. Amma texnologiya nə qədər inkişaf etsə də, peşəkar jurnalistə ehtiyac aradan qalxmayacaq. Mən xüsusilə region mediasının güclənməsini vacib hesab edirəm. Naxçıvandan da ölkə və beynəlxalq informasiya məkanına çıxan güclü media platformaları formalaşmalıdır. ANZ.AZ-la qarşıya qoyduğumuz əsas hədəflərdən biri də məhz budur: regiondan başlayıb daha geniş informasiya məkanında etibarlı söz sahibi olmaq.

Xpress.az