Bədən bizi geri çağırır?
Arıqlamağa və sağlam qidalanmaya başladıqda çoxumuz maraqlı və hətta bir az da narahatedici hisslər yaşamağa başlayırıq. Vaxtilə sevdiyimiz yeməklər bizə ağır gəlir, şirin istəyi azalır, bir fincan qəhvə belə narahatlıq yarada bilər. Bəzən isə bədənimizdən qəribə siqnallar alırıq — sanki içimizdən bir səs deyir: “Mən bunu istəmirəm.”
Bu nədir — zəiflikmi, yoxsa bədənin dirçəlişi?
Əslində, bu proses sadəcə fiziki deyil, həm də şüuri dəyişimin başlanğıcıdır. Bədən artıq mexaniki sistem kimi yox, canlı, hiss edən, bizi qorumağa çalışan bir varlıq kimi hərəkətə keçir.
Bədənin təmizlənmə rejimi: Uşaqlıq halına qayıdış
Uşaq bədəni təmizdir. O, instinktlərinə qarşı çıxmır, bədəninin ehtiyaclarını saxtalaşdırmır. Acanda ağlayır, yorulanda yatır, sevmədiyi qidaya bədəni ilə reaksiya verir. Çünki hələ zəhərlənməyib — nə qida ilə, nə vərdişlərlə, nə də yanlış düşüncələrlə.
Biz isə illər ərzində orqanizmimizi müxtəlif zərərlərlə yükləmişik:
Sağlam olmayan qidalanma,
Siqaret, alkoqol,
Gecə yeməkləri,
Düşüncə çirkliliyi,
Stress və emosional boşalmalar.
Nəticədə bədən bu vəziyyəti “normal” qəbul etməyə başlayıb. Amma bu, onun susduğu anlamına gəlmir. Əksinə, bədən bizi həmişə geri çağırıb — sadəcə biz o səsi eşitməməyi seçmişik.
Bədən danışır: Fiziki və ruhi oyanış
Düzgün qidalanmağa başladığımız andan bədən yavaş-yavaş təmizlənməyə, öz ritmini bərpa etməyə başlayır. Bu dövrdə:
Qan dövranı sürətlənir,
Orqanlar aktivləşir,
Hormon balansı tənzimlənir,
Beyin yeni siqnallar göndərir.
Bu, bədənin “dirçəliş şoku” adlandırıla bilər. Sanki uzun illər yatmış orqanizminiz yenidən oyadılır və “təhlükəsizlik rejimi”nə keçir. Əvvəllər ləzzət aldığınız zərərli vərdişlər artıq sizə yad gəlir. Orqanizm uşaq bədəni kimi “təmiz rejimə” qayıdır və səssizcə deyir: “Bu mənim təbii halım deyil.”
Yalnız bədən deyil, şüur da dəyişir
Bu dəyişiklik yalnız bioloji səviyyədə qalmır. Siz eyni zamanda:
Daha ayıq düşünürsünüz,
Mənfi insanları və enerjiləri fərq etməyə başlayırsınız,
Ruhən daha rahat və balanslı hiss edirsiniz.
Bir vaxtlar sizinlə yaxın olan, lakin içdən sizi sıxan insanlar artıq sizə yad gəlir. Onlardan uzaqlaşırsınız — və bu uzaqlaşma bəzən sizin qərarınız olmur. Bədən özü sizi qoruyur, çünki artıq o yalnız toksinlərdən deyil, enerji çirkliliyindən də təmizlənməyə çalışır.
Bu, arıqlamaqdan daha böyük bir prosesdir. Bu, özünə qayıdışdır. Bədən, zehn və ruh birlikdə bir balans halına keçməyə başlayır. Bu dəyişimin nəticələri isə:
Daha sağlam bədən,
Daha aydın düşüncə,
Daha güclü daxili instinkt,
Daha təmiz və səmimi həyat tərzidir.
Unutmayın:
Bədən heç vaxt yalan danışmır. Sadəcə onu dinləməyi və anlamamağı öyrənmişik.
Əgər bu gün siz içdən bir səs eşidirsinizsə — “Bu qida mənə lazım deyil”, “Bu insan mənə yaxşı təsir etmir”, “Bu düşüncə məni tükəndirir” — deməli, bədən artıq sizi müdafiə etməyə başlayıb.
Bu, zəiflik deyil. Bu, bərpa prosesidir. Bu, insanın dirçəlişi və yüksəlişidir.
Elnur Nemətov
Sağlam qidalanma üzrə mütəxəssis