Qara Dərviş Flora Kərimova üçün Bakıya qayıtdı- VİDEO
Qara Dərviş Türkiyədə keçirdiyi konsertlərdən sonra təcili Bakıya qayıtdı. Payızda turnelər davam edəcək, amma indi Bakıda olmaq daha vacib idi. Səbəb: Qara Dərvişin şah əsərlərindən olan “Yorğun”un özüdür.
DC SOUNDS ( Darvish Creative Sounds) komandasının sözlərinə görə, məhz Flora Kərimovanın bu əsərə olan sevgisi və hissləri "Yorğunun" duetə çevrilməsinə, yaddaşı özündə daşıyan nəsillə, öz yaddaş dilini axtaran nəsil arasında dialoqa çevrilməsinə gətirib çıxardı.
«Flora xanımla uzun illər musiqinin fərqli sferalarında çalışmışam. “Yorğun”u 10 il öncə ərsəyə gətirdiyimdə məqsədim dinləyicinin ruhsal ehtiyaclarına şərik olmaq idi. İndi isə məhz “Yorğun” əsəri ilə Flora xanımın duyğularına ortaq olmaq mənim üçün böyük məsuliyyət və qürur mənbəyidir». — Qara Dərviş
Hazırda Bakıda “Yorğun” klipinin çəkilişləri davam edir və çox yaxında əsərin yeni klipi işıq üzü görəcək.
Onu da qeyd edək ki, Qara Dərviş öz dinləyicilərini də unutmayıb və 10 oktyabr tarixində Rəşid Behbutov adına Mahnı Teatrında ilk dəfə klassik konsertlə çıxış edəcək. Əsərin təqdimatından və Bakıdakı konsertindən sonra payızda Qara Dərviş yenidən Türkiyəyə qayıdır və turnelər davam edəcək.
Qara Dərviş — proqressiv metal ilə fəlsəfi ifadənin kəsişməsində çalışan Azərbaycan bəstəkarı, beynəlxalq dərəcəli səs mühəndisi, multiinstrumentalist və prodüserdir. Müasir musiqi sənayesinin vəziyyətinə dair obyektiv açıqlamaları və yaradıcılıqda güzəştə getməməsi ilə tanınır.