Payız aylarında ağırlaşan xəstəliklər- Necə mübarizə aparaq?
Havaların dəyişkən olduğu payız mövsümündə soyuqdəymə halları artır. Mütəxəssislər əhalini daha diqqətli olmağa çağırır və immuniteti gücləndirməyin vacibliyini vurğulayırlar.
Oktyabr və noyabr aylarında temperaturun qəfil enməsi, rütubət və külək orqanizmin müdafiə sistemini zəiflədərək virus və bakteriyaların yayılmasına şərait yaradır. Soyuqdəymə və qrip hallarının çoxalması ilə yanaşı, boğaz ağrısı, öskürək və halsızlıq kimi simptomlarla xəstəxanalara müraciət edənlərin sayı artmaqdadır.
Xpress.az xəbər verir ki, terapevt Dr. İlqar Məmmədov bildirib ki, payızın ilk aylarında insanlar tez-tez özlərini yorğun, halsız və kefsiz hiss edirlər ki, bu da bəzən sadə bir soyuqdəymənin başlanğıcı ola bilər:
“Soyuqdəymə adətən burun axması, boğaz ağrısı, bədən ağrıları və quru öskürək ilə başlayır. Bu simptomlara vaxtında müdaxilə edilməzsə, bronxit, sinusit və ya qulaq iltihabı kimi ağırlaşmalara gətirib çıxara bilər.”
Dr. Məmmədov həmçinin qeyd edib ki, hərarətin yüksəlməsi, nəfəs darlığı və davamlı öskürək varsa, özbaşına dərman qəbul etmədən həkimə müraciət etmək mütləqdir.