Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Media Qulu Məhərrəmli: "Azərbaycan mediasında ən böyük p...
Qulu Məhərrəmli: "Azərbaycan mediasında ən böyük problem maliyyə asılılığıdır"
Media

Qulu Məhərrəmli: "Azərbaycan mediasında ən böyük problem maliyyə asılılığıdır" MÜSAHİBƏ

Xpress.az Redaksiyası 12.06.2026 23:10

İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, xəbərin saniyələr içində yayıldığı müasir dövrdə media yeni çağırışlarla üz-üzədir. Operativlik uğrunda yarışın güclənməsi, araşdırma jurnalistikasının zəifləməsi, ənənəvi medianın əvvəlki mövqeyini itirməsi və maliyyə problemləri bu gün medianın gələcəyi ilə bağlı ciddi müzakirələr doğurur. Bəs Azərbaycan mediasının əsas problemi peşəkarlıq çatışmazlığıdır, yoxsa iqtisadi asılılıq? Mövzu ilə bağlı filologiya elmləri doktoru, professor, media eksperti Qulu Məhərrəmli Xpress.az-a müsahibə verib.


İnformasiya bolluğunun yaşandığı bir dövrdə Azərbaycan mediasının əsas problemi peşəkarlıq çatışmazlığıdır, yoxsa iqtisadi asılılıq?


– Əslində hər iki problem mövcuddur və bir-biri ilə sıx bağlıdır. Hesab edirəm ki, gündəlik qəzetlərin məhdudlaşdırılması çox ciddi problemdir. Burada təkcə informasiya istehlakçısı deyil, bütövlükdə jurnalistika itirir. Operativlik arxa plana keçir və istər-istəməz yerini saytlara verir. Saytlarda isə operativlik anlayışı xəbər seçimi imkanlarının ciddi şəkildə deformasiyaya uğramasına səbəb olur. Ona görə də jurnalistikanın hansı istiqamətdə inkişaf etdiyini müzakirə etmək vacibdir.


Peşəkarlıq baxımından qəzetlərin vəziyyətini necə qiymətləndirirsiniz?


– Əgər qəzetlərdən danışırıqsa, onların peşəkarlıq səviyyəsi həftədə bir dəfə çıxan nömrələrdə də aydın görünür. Materialların yerləşdirilməsi, tərtibatı, siyasi duyum, mövzuların işlənməsi, rəngarənglik və coğrafi əhatə bunu göstərir. Lakin vaxtilə “Şərq”, “525-ci qəzet” və “Yeni Müsavat” kimi qəzetlərin gündəlik nömrələrində materiallar daha çox olurdu, oxucunun seçim imkanları daha geniş idi. Həmçinin həmin nəşrlər ictimai-siyasi və mədəni həyatın mənzərəsini daha dolğun şəkildə təqdim edirdi. Bu gün isə qəzetlər yalnız həftədə bir dəfə bu imkanları nümayiş etdirə bilirlər.


Bəs internet mediasında hansı problemlər daha qabarıq görünür?

– Saytlarda əsas problemlərdən biri keyfiyyətin operativliyə qurban verilməsidir. Hamısını deməzdim, amma əksər saytlarda bu problem özünü göstərir. Araşdırma materialları demək olar ki, yoxdur. Əsl araşdırma jurnalistikası həm həcm, həm də keyfiyyət baxımından ciddi şəkildə zəifləyib. Bu janrın tədricən yoxa çıxması narahatlıq doğuran məqamlardandır.


Medianın maliyyə asılılığı bu proseslərə necə təsir edir?
– Təəssüf ki, bir çox problemlərin kökü məhz maliyyə asılılığından qaynaqlanır. İqtisadi maraqlar və yaşamaq zərurəti bəzi prinsiplərin qurban verilməsinə səbəb olur. Bu da medianın mahiyyətinə və fəaliyyətinə birbaşa təsir göstərir. Belə problemlər həmişə olub, lakin hazırda daha kəskin şəkildə özünü göstərir.

Afaq Qurbanzadə

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək