Alimlər saç tökülməsinə qarşı elektrikli daraq hazırlayıblar: Siçanlar üzərində sınaqlar ümidverici nəticə göstərib
Çinli alimlər saç tökülməsinə qarşı mübarizədə yeni üsul hazırlayıblar. Elektrik impulsları ilə işləyən xüsusi daraq siçanlar üzərində aparılan təcrübələrdə tüklərin yenidən uzanmasına əhəmiyyətli dərəcədə kömək edib.
Xpress.az xəbər verir ki, Pekindəki Beihang Universitetinin tədqiqatçılarının hazırladığı cihaz “Detangle” adlanır. Onun əsas xüsusiyyəti elektrik stimullaşdırılmasını dərman maddələrinin dərinin dərin qatlarına çatdırılması ilə birləşdirməsidir.
“Nature Communications” jurnalında dərc olunan araşdırmaya görə, cihaz müxtəlif uzunluqlu dişlər vasitəsilə impulslu elektrik sahəsi yaradır. Bu sahə saç follikullarını stimullaşdıraraq onların fəaliyyətini aktivləşdirməyə kömək edir. Eyni zamanda, xüsusi mexanizm vasitəsilə müalicəvi molekulların dəriyə nüfuz etməsi asanlaşır.
Alimlər cihazın effektivliyini yoxlamaq üçün androgenetik alopesiya, yəni irsi və hormonal amillərlə əlaqəli saç tökülməsi müşahidə olunan erkək siçanlar üzərində təcrübələr aparıblar.
Nəticələrə əsasən, 28 gün davam edən sınaq müddətində müalicə olunmayan siçanlarda tüklərin cəmi 1 faizi yenidən uzanıb. Yalnız elektrik stimullaşdırılması tətbiq edilən heyvanlarda bu göstərici təxminən 40 faizə çatıb.
Müqayisə üçün qeyd edək ki, saç tökülməsinə qarşı istifadə edilən minoksidil qəbul edən siçanlarda tüklərin yenidən uzanma göstəricisi təxminən 70 faiz olub.
Ən yüksək nəticə isə elektrik stimullaşdırılmasının iki eksperimental genetik müalicə üsulu ilə birlikdə tətbiqi zamanı əldə edilib. Bu halda tüklərin yenidən uzanma göstəricisi 97,85 faizə çatıb.
Tədqiqat zamanı istifadə edilən müalicə üsullarından biri saç follikullarının ətrafında qan damarlarının inkişafını stimullaşdırıb, digəri isə follikulların kiçilməsinə səbəb olan hormonal mexanizmi hədəfə alıb.
Alimlərin fikrincə, yeni texnologiya androgenetik alopesiyanın müalicəsində perspektivli yanaşma ola bilər. Lakin hazırda cihaz yalnız heyvanlar üzərində sınaqdan keçirilib.
Tədqiqatçılar bildirirlər ki, bu nəticələrin insanlarda da əldə olunub-olunmayacağını müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var. Cihazın təhlükəsizliyi və effektivliyi klinik sınaqlarla təsdiqlənməyənədək onun insanlarda saç tökülməsinin müalicəsi üçün hazır vasitə hesab edilməsi düzgün deyil.