Pinqvin sindromu: İnsan niyə olmayan yerdə məna axtarır
İnsanların motivasiyaya o qədər böyük ehtiyacı var ki, beynində problem olan bir pinqvin belə onları ruhlandıra bilir…
Bu fikirləri iqtisadçı-ekspert Xpress.az-a Eldəniz Əmirov bildirib.
Sürüdən ayrılaraq buz dağlarına doğru irəliləyən bir pinqvinin görüntüsü müxtəlif psixoloji, sosioloji və fəlsəfi mənalarla izah olunmağa çalışılır. Lakin reallıq daha sadə və eyni zamanda daha sərtdir.
Bu pinqvin sürüdən şüurlu seçim etdiyi üçün deyil, instinkt mexanizminin pozulması səbəbilə ayrılır. Elmi baxımdan bu cür davranış dezoriyentasiya ilə izah olunur və qərarvermə aktı deyil, bioloji nasazlığın nəticəsidir.
Normal şəraitdə pinqvinlər kollektiv şəkildə dənizə doğru hərəkət edirlər, çünki qida və yaşamaq imkanı yalnız oradadır. Xəstəlik, nevroloji pozuntu, hormonal balanssızlıq və ya daxili istiqamət mexanizminin sıradan çıxması isə fərdi pinqvinin sürünün davranışını izləməsinə mane ola bilər. Nəticədə pinqvin instinktiv olaraq yanlış istiqamət seçir və buz səhrasına, dağlıq ərazilərə doğru irəliləyir. Təbiətdə bu nadir, lakin mümkün olan bioloji sapmadır və əksər hallarda geri dönüşü olmayan nəticələrlə yekunlaşır.
Bu pinqvin “fərqli” deyil.
Sonradan bu görüntüyə yüklənən psixoloji, sosioloji və fəlsəfi izahlar hadisənin özündən yox, onu izləyən insanların daxili ehtiyaclarından qaynaqlanır. İnsanlar motivasiyaya ehtiyac duyduqları üçün bu mənzərədə məna axtarırlar.
Halbuki elm baxımından burada nə sosial mesaj var, nə də “hamıdan fərqli yol” seçimi. Bu pinqvin sürüdən ona görə ayrılmayıb ki, fərqli düşünür; ona görə ayrılıb ki, beynində funksional problem mövcuddur. Elm bu cür halları romantikləşdirmir və onları “fərqlilik” kimi deyil, bioloji sapma kimi izah edir.