Yeganə Hacıyeva millət vəkillərini plagiatda ittiham etdi- FOTOFAKT
Politoloq Yeganə Hacıyeva mediada və sosial şəbəkələrdə yayılan paylaşımlarında bəzi millət vəkillərinin başqalarına məxsus təhlil, məqalə və televiziya çıxışlarında səsləndirilmiş fikirləri öz adlarından təqdim etmələrini tənqid edib.
Xpress.az xəbər verir ki, onun sözlərinə görə, bu hal tək-tük yox, sistemli xarakter daşıyır. Bəzi deputatlar mətnləri birbaşa özləri kopyalayır, bəzilərinə muzdlu əsaslarla jurnalistlər tərəfindən hazırlanır, digərlərinin isə xüsusi şöbələri bu işlə məşğul olur. Nəticədə isə ictimaiyyətə təqdim olunan fikirlər müəlliflik baxımından şəffaf olmur.
Y. Hacıyeva qeyd edib ki, bu cür halların ifşası üçün xüsusi araşdırmaya ehtiyac yoxdur. “Televiziya efirində bir dəfə ağzınızı açanda, çəkiliş zamanı ‘hazırlaşmamışam, suflyor qoşun, ondan oxuyacam’ tələbi irəli sürüləndə artıq hər şey aydın olur. Bu fikirlərin sizə məxsus olmadığı ortadadır”, – deyə politoloq bildirib.
Onun fikrincə, başqalarının düşüncələrini öz adına çıxmaqla həm seçicilər, həm də ictimai rəy aldatmağa cəhd göstərilir. Politoloq sual edir: “Bunlarla kimləri aldadırsınız?”
Y. Hacıyeva vurğulayıb ki, cəmiyyət qarşısında çıxış edən, qərarverici mövqedə olan şəxslər üçün fikri mülkiyyətə hörmət, intellektual dürüstlük və məsuliyyət əsas prinsip olmalıdır. Əks halda, bu cür davranışlar təkcə şəxsi reputasiyaya yox, ümumilikdə ictimai institutlara inamı zədələyir.
